ANS PRESS-in məlumatına görə, bu barədə müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. O, həmçinin xalq artistinin hazırda özünü yaxşı hiss etdiyini, səhhətində ciddi problem olmadığını deyib:
"Bildiyiniz kimi, İlhamə xanım Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunmuşdu. Xəstəxananın Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, cərrah Rəşad Mahmudovun məsləhəti ilə əməliyyatdan sonra sənətkar vaxtaşırı həkim müayinəsindən keçməlidir. 9 dekabr 2013-cü ildə də İlhamə xanım növbəti dəfə sadəcə müayinədən keçmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına yollanıb" .
Onun sözlərinə görə, sənətkarın müayinələri 10 gün davam etməlidir. Hazırda İlhamə xanım Quliyevanın səhhətində heç bir problem yoxdur. Sənətkar özünü yaxşı hiss edir. Hazırda xəstəxanada müayinələrdən keçən İlhamə xanıma bir sıra dövlət xadimləri və sənətçilər baş çəkib.
Faiq bəy bildirib ki, sənətkarı görməyə gələnlərin ardı-arası kəsilmir. İlhamə xanım hər kəsin ona olan sevgi və qayğısından məmnundur. Xalq artistinin sadiq və dəyişməz komandasının üzvləri - taclı prodüser Tarix Əliyev (Tolik), əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadova, eləcə də opera ifaçısı Ülvi Qılınc həmişə olduğu kimi İlhamə xanımla birlikdədirlər.































































































