Rəbiyyət Aslanova : “Xeyirxahlıq hissi olmayan cəmiyyət yaşaya bilməz...”

Hazırda oxunan: Rəbiyyət Aslanova : “Xeyirxahlıq hissi olmayan cəmiyyət yaşaya bilməz...”

38051

Parlamentin komitə sədri bildirib ki, insanların bir-birinin hüququnu pozmadan, problemlərə qarşı həssaslıq göstərərək məqsədə çatması mümkündür

 Moderator.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə dekabrın 10-da BMT-nin Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 ilinin tamam olması münasibəti ilə “Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları” mövzusunda konfrans keçirilib. Konfransda DQİDK-nın sədri Elşad İskəndərov, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, ölkədəki dini konfessiyaların rəhbərləri, dini icma sədrləri və din xadimləri, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Konfransı giriş sözü ilə açan DQİDK sədri Elşad İskəndərov hazırda bütün dünyada, o cümlədən Azərbaycanda 10 dekabrın İnsan hüquqları günü kimi geniş qeyd edildiyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm addımlar atılıb:

 

“Bizim regionlarda, əyalətlərdə kiçik qızların hüquqları pozulur. Bu məsələdə icma rəhbərləri, ağsaqqallar öz səslərini çıxarmalı, bu kimi halların qarşısının alınmasında yardımçı olmalıdırlar. Dövlət Komitəsi 2012-2013-cü illər ərzində insan hüquqları ilə bağlı 50-ə yaxın tədbir həyata keçirib. Əsasən qadın din və haqları, dini və milli azlıqların, dini icmaların, dini icmaların uşaqlarının, xüsusilə də kimsəsiz uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək”.

“Cəmiyyətdə xeyirxahlıq hissi olmasa, o cəmiyyət yaşaya bilməz. Hüquq pozuntuları biganəlikdən yaranır”.Bunu isə R. Aslanova deyib.

 

O bildirib ki, insan hüquqlarının təmin olunması, səmərəli müdafiəsi məqsədilə mükəmməl qanunvericilik bazası yaradılıb:

 

“Bu sahədə həm nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” buna nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib”.

 

Beynəlxalq hüququn abstrakt bir anlayış olmadığını deyən R.Aslanova, Azərbaycanın öz üzərinə düşən hüquqi vəzifələri yerinə yetirdiyini vurğulayıb:

 

“Amma bununla belə Azərbaycana qarşı bu həssaslıq göstərilmir. Azərbaycanın 1 milyondan çox insanının hüquqları pozulsa da beynəlxalq qurumlar onların hüquqlarını müdafiə etmir”.

 

Azərbaycandakı tolerantlıqdan da danışan komitə sədri söyləyib ki, burada müxtəlif dini inanclı insanlar mehriban şəkildə yaşayır:

 

“Azərbaycanda heç zaman dini zəmində qarşıdurma olmayıb və bundan sonra da olmayacaq. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət vətəndaşından ayrı deyil. Ona görə də ölkədə hər bir vətəndaşın hüquq və azdlığının qorunması, onların dini etiqad azadlığının təmin olunması ali məqsəddir. Dövlətlə yanaşı dini konfessiyalar da cəmiyyətdaxili münasibətlərə müdaxilə etməli və bu münasibətləri saflaşdırmalıdır”. Cəmiyyətdə xeyirxahlıq hissi olmasa, o cəmiyyətin yaşaya bilməyəcəyimi deyən R. Aslanova sözlərinə əlavə edib ki, insanların bir-birinin hüququnu pozmadan, problemlərə qarşı həssaslıq göstərərək məqsədə çatması mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin