BMT-nin Adi Silahlar Registrinin məlumatına görə, Azərbaycan 2002-2012-ci illərdə Belarusdan T-72 modeli olan 153 döyüş tankı alıb. Çağdaş dünyada T-80, T-90 və daha bir çox yeni model tankların istifadəyə verildiyi bir zamanda Azərbaycanın həm texniki, həm də pxixoloji baxımdan köhnələn T-72 tanklarına üstünlük verməsi bəzi hərbi ekspertlər tərəfindən narazılıqla qarşılanmaqdadır. Lakin bu tankların Azərbaycan üçün gərəkli olduğunu düşünənlər də az deyil. Bununla bağlı Moderator.az saytına açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərov məlum informasiyanı fərqli aspektdən şərh etdi: “Öncə diqqət yetirsək görərik ki, burada söhbət son günlərdən deyil, 2002-2012-ci illərdən gedir. Hansı ki, həmin dönəmdə T-72 tankları ciddi mənada öz aktuallığını qoruyub saxlayırdı. Bundan başqa, Belarus tankları Azərbaycana sərfəli qiymətlərlə təklif olunmuşdu və buna görə də rəsmi Bakı bu fürsəti qiymətləndirməyi lazım bildi. Habelə, T-72 tanklarına maraq göstərilməsinin digər bir səbəbi isə bu tanklardan Azərbaycan relyefində istifadənin daha sərfəli olması ilə bağlı idi. Bütün bu amillər Azərbaycanın T-72 tanklarına maraq göstərməsini şərtləndirən amillər olub. Hazırda Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıqla bağlı müvafiq anlaşma var və bu anlaşmaya görə tərəflər arasında silah alqı-satqısı yəqin ki, bundan sonra da davam edəcək. Lakin Azərbaycanın qarşıdakı illərdə Belarusdan hansı silahlar alacağı hələlik bilinmir. Fəqət bir şeyi də unutmaq olmaz ki, bu gün Belarus istehsalı olan tanklar, artilleriya qurğuları və transportyorlar dünyada kifayət qədər tanınır və qəbul edilir. Bu isə o deməkdir ki, bu ölkə ilə hərbi əməkdaşlığa ehtiyac var və belə bir əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir”.
Seymur Əliyev





























































































