Salyanın İH başçısı jurnalistləri rayona dəvət etdi

Hazırda oxunan: Salyanın İH başçısı jurnalistləri rayona dəvət etdi

37810
Dekabrın 4-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə media nümayəndələrinin Salyan Rayon İcra Hakimiyyətində görüşü keçirilib. Qurumdan redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Şuranın media-məmur dialoqu layihə çərçivəsində baş tutmuş görüşünü Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açaraq rəhbərlik etdiyi rayonda aparılan abadlıq və quruculuq işləri barədə də geniş məlumat verib T.Kərimov hər bir vətəndaşın yerli məmurlardan olan narazılığının dolayısıyla dövlətdən narazılıq doğura bilmə ehtimalı üzərində dayanıb. «Bu amili mütləq nəzərə almaq lazımdır. Ona görə də media nümayəndələrini rayona dəvət edirəm. Gəlsinlər, vətəndaşlarla sorğular aparsınlar, onların düşüncələrini öyrənsinlər. Əlbəttə, iş olan yerdə problemlər də olur. Həmin problemləri obyektiv şəkildə işıqlandırsınlar. Belə olduqda tutduqları mövqe ümumi işmizə fayda verəcək. Amma bəzən əks proseslərlə üzləşirik. Bu bizi təəssüfləndirir. Elə bilirəm ki, həqiqi media nümayəndələrinin özləri təəssüf doğuracaq məqamların aradan qaldırılmasına daha çox səy göstərməlidirlər», - deyən T.Kərimov rəhbərlik etdiyi icra hakimiyyətinn KİV-lərlə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb. 

MŞ sədri Əflatun Amaşov çıxışında informasiya mübadiləsindən danışıb. Onun sözlərinə görə, informasiya mübadiləsində iki tərəf var və bunlardan hansısa üzərinə düşən işi doğru yerinə yetirmirsə, ümumən prosesə ziyan gəlir: “Bu günkü görüşümüzdə də məqsəd mövcud müstəvidəki çətinlikləri müzakirə etməkdir. Mətbuat Şurası bu sayaq tədbirləri digər dövlət qurumları ilə də keçirəcək və belə görüşlərin faydası hər zaman olur». 

MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, rayonlardan KİV-lərə olunan şikayətlərin araşdırılması prosesində rəsmi mövqenin əldə olunması ilə bağlı problemlər mövcuddur. O, həmçinin vətəndaşların hansısa məsələ ilə əlaqədar narazılığının ictimaiyyətə açıqlanmasının ümumən dövlətə xeyirli tərəflərindən söz açıb. Məmurların öz işlərində həssas olmalarının vacibliyini bu baxımdan əsaslandırıb. Baş redaktor eyni zamanda icra başçısının media nümayəndələrini rayona dəvət etməsini, əhali ilə görüşlər aparmalarına təşviq edən çağırışını cəsarətli addım kimi dəyərləndirib.

Keçirilən görüşün media-məmur münasibətləri nöqteyi-nəzərdən faydalılığına konkret misallarla aydınlıq gətirən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, yeni şəraitdən asılı olaraq qarşılıqlı əməkdaşlığın ən səmərəli tərəflərinə müraciət edilməli, bunun formalaşması istiqamətində əməli iş görülməlidir. 

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxışında eyni fikri bölüşüb. O, həmçinin qeyri-obyektiv tənqidin ziyanlı tərəflərinə diqqət çəkib: «Əlbəttə, qeyri-obyektiv tərif də faydalı ola bilməz. Hər hansı hadisə ilə bağlı bilgiləri cəmiyyətə çatdırarkən peşəkar yanaşma vacibdir. Hesab edirəm ki, bu yanaşma varsa, cəmiyyət daha çox fayda götürəcək». 

MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev məmur-jurnalist münasibətlərində son zamanlar müsbət irəliləyişlərə nail olunduğunu müxtəlif misallarla əsaslandırıb: «Əvvəllər məmurlar hansısa məsələ ilə bağlı jurnalistlərin ümumən yazmamalı olduqlarını deyirdilər. Müsbət haldır ki, hazırda bu tendensiya müşahidə olunmur və daha çox obyektiv tənqid üzərində dayanılır. Ancaq hər hansı məsələyə obyektiv yanaşılması üçün məmurlar da öz üzərinə düşən vəzifəni doğru şəkildə yerinə yetirməlidirlər. Hesab edirəm ki, bu kimi görüşlər qarşılıqlı vəzifələrin müəyyənləşdirilməsi və ondan irəli gələn işlərin görülməsi baxımından böyük önəm daşıyır». 

MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı jurnalistlərə informasiya verilməsinin yerlərdə görülən işlərin təbliği baxımından da vacibliyini vurğulayıb. Bildirib ki, məhz buna görə də icra hakimiyyətləri cəmiyyətə məlumat ötürülməsində maraqlı olmalı, mövcud prosesin müxtəlif vasitələrindən yararlanmalıdırlar: «Hesab edirəm ki, belə fəaliyyət göstərildiyi təqdirdə cəmiyyətdə çaşqınlıq yarada biləcək xəbərlər də dövriyyəyə girməyəcək». 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin