"Azadlıq" radiosunun aparıcısı Xədicə İsmayılın radionun canlı efirində qonaq olan Müsavat başqanı İsa Qəmbərə ünvanladığı sual Hollandiyada mühacir həyatı yaşayan gənc siyasi faəl İsa Yusibovun ani reaksiyasına səbəb olub.
İ.Yusibov sosial mediada paylaşdığı yazıda qeyd edir: "Dünən burada paylaşdığım, özümə aid olan ifadə indicə Xədicə İsmayıl tərəfindən kontekstdən çıxardılmış şəkildə səsləndirildi.
Bəli, "İbrahimbəyov və Eldar Namazov MŞ-dan getdi, iki yalançıdan canımız qutardı" ifadəsi mənə aiddir və doğruluğunu indiyə kimi bu şəxslərin sitatları ilə isbat etmişəm. Ehtiyac yaranarsa, tarixləri ilə birgə yenidən sübut edə bilərəm. Vəziyyətin bu yerə gələcəyini bilib bütün sitatları tarixlərinə kimi arxivdə saxlamışam.
İsa Yusibov daha sonra yazır: "Xədicə İsmayılın bu fikri müsavatçıların mövqeyi kimi səsləndirməsində unutduğu məsələ isə budur: Mən Müsavat Partiyasının rəhbərliyində təmsil olunmuram, mən Müsavat Partiyasının üzvü deyiləm və mən Müsavat rəhbərliyi tərəfindən diktə olunan fikirlər səsləndirmirəm. Ən azı diqqətli oxucular bilir ki, Müsavat Partiyasından fərqli olaraq Milli Şura və İbrahimbəyov ideyasına qarşı çıxmışam. Belə halda mənim dediklərimi Müsavatın mövqeyi kimi qələmə vermək sadəcə ayıbdır".
































































































