Bu gün İstanbuldakı Mərmərə Universitetində “Xəzərdən Qara dənizə qədər: strateji baxış” adlı simpozium keçirilib. Simpoziumda Türkiyədən, Azərbaycandan, Qazaxıstandan, Rusiyadan və digər ölkələrdən çoxsaylı nümayəndələr iştirak ediblər.
Tədbirin əsas məruzəçilərindən biri olan Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov diqqəti təşkilatın fəaliyyətinin canlandırılmasına yönəldib: “Türkiyənin mərhum prezidenti Turqut Özalın təşəbbüsü ilə yaradılan Qara Dəniz Hövzəsi Ölkələrinin Əməkdaşlıq Təşkilatı 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Ancaq bu təşkilatın fəaliyyəti de-fakto hiss olunmur. Yaxud Böyük İpək yolu ilə bağlı geosiyasi ideyanı reallaşdırmaq niyə mümkün olmayıb? Elmi araşdırma aparın, onda görəcəksiniz ki, son dərəcə mühüm əhəmiyyət kəsb edən bu cür geosiyasi layihələrin gerçəkləşməsinə kimlər mane olub”.
Yeri gəlmişkən, Eldar Həsənov xüsusi vurğulayıb ki, tədbirdə səfir kimi dövlətin adından yox, hüquq doktoru kimi çıxış edir.
O, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı məsələyə də diqqət çəkib.
Simpoziumda digər məruzələr də dinlənilib. Sonra simpoziumun təşkilatçıları-“Ekoavraziya” Elmi-Tədqiqat Mərkəzinin nümayəndələri Eldar Həsənova və daha iki nəfərə medal və diplom təqdim ediblər.
Təqdimetmə mərasimindən sonra qərara alınıb ki, simpozium öz işini Xəzər və Qara dənizin problemlərinə həsr olunan seksiyalarda diskussiyalarla davam etdirsin.
Xatırladaq ki, E.Həsənov həm də 2009-cu ildə Buxarestdə Azərbaycan və Rumıniyanın təşəbbüsü ilə yaradılan Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun təsisçilərindən biridir.

































































































