Yasamal məhkəməsi qərarı icra şöbəsinin şikayəti əsasında çıxarıb. Şikayətə “Araz-Avia” ticarət mərkəzinin (“Binə bazarı”) rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında “Azadlıq” qəzetinə qarşı çıxarılan məhkəmə qərarının icra olunmaması səbəb olub. Həmin qərara görə, “Azadlıq” qəzeti Kəbirə Məmmədovaya 32 min manat təzminat ödəməlidir.
“Azadlıq” qəzetinin rəhbərliyi cəriməni hissə-hissə ödəmək istədiklərini açıqlayıb. Kəbirə Məmmədovanın vəkili Zaur İbadov noyabrın 1-də “Media forum” saytına deyib ki, qəzet cərimənin hissə-hissə ödənməsi ilə bağlı Yasamal məhkəməsinə ərizə ilə müraciət etməlidir.
Noyabrın 5-də “Media forum”a açıqlamasında “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, Yasamal məhkəməsinin qəzeti 3 min manat cərimələməsi qərarından apellyasiya şikayətini bu həftə ərzində təqdim edəcəklər: “Bu qərar ədalətsizdir. Qəzetimizin bank hesabı bağlı olduğu üçün heç bir maliyyə vəsaiti əldə edə bilmirik. Cəriməni hissə-hissə ödəmək üçün isə qarşı tərəfə dəfələrlə şifahi təkliflər etmişik. Əgər qarşı tərəf bizim məhkəməyə yazılı şəkildə müraciət etməyimizi istəyirsə, bunu edərik. Biz qəzetin 32 min manat cərimələnməsi barədə qətnamənin icrasından imtina etmirik. Çünki bu, qüvvəyə minmiş sənəddir. Sadəcə, qəzetin maliyyə vəsaiti cəriməni bir dəfəyə ödəməyə imkan vermir. Bu səbəbdən biz cərimənin hissə-hissə ödənilməsinə razıyıq”.

































































































