Moderator.az xəbər
verir ki, Naxçıvanın əsas ticarət mərkəzlərindən biri hesab olunan “57.
bazarı”nın sökülməsinə qərar verilib. Vasif Talibovun göstərişiylə həyata
keçirilən sökülmə qərarı bazar işçiləri üçün gözlənilməz olub. Xırda ticarətlə
zorla ailələrini dolandıran bu insanlar srağagün axşam bazardakı dükanlarını
bağlayıb evə gedərkən onlara verilən bu xəbərdən şoka düşüblər. Mənbənin dediyinə görə, bəzi mətbuat
orqanlarında satıcıların etirazından çəkinən yerli rəhbərliyin onları “Təzə
bazar” adlanan yerdə işlə təmin edəcəklərini və dəymiş zərərə görə kompensasiya
ödənəcəyini bildirdiyi yazılıb. Halbuki, satıcılara elə bir vəd verilməyib və
verilsə belə onun heç bir əsası yoxdur: “Əvvəla, “Təzə bazar”da o qədər
satıcını yerləşdirmək fiziki cəhətdən mümkün deyil. İkincisi, bu bazarda 6 kv.
metr yerin qiyməti indiki halda 15 min manatdır və rəhbərlik nə bu qədər
vəsaitdən kiminsə xeyrinə vaz keçəcək qədər comərd, nə də vətəndaşların
qəzəbindən çəkinəcək qədər acizdir. Əksər satıcıların isə bu vəsaiti ödəməyə
maddi imkanları çatmır. Üstəlik, Naxçıvan bazarlarındakı yer qıtlığı
istər-istəməz satıcılar arasında ona sahib olmaq rəqabətini qızışdıracaq və qiymətlər
daha da artacaq. Yerli rəhbərliyin bazarların sayını azaltmaqda əsas
məqsədlərindən biri də bu rəqabətə nail olmaqdı. İşsizliyin baş alıb getdiyi
Naxçıvanda bir çox insanın çörək ağacına çevrilən satıcılıq uğrunda amansız
mübarizə bazar sahiblərinə imkan verəcək ki, həm yer pulunu, həm də aylıq
ödənişi artırsın və yeganə iş yerlərini itirmək təhlükəsini daha yaxından hiss
edən satıcılar onların qarşısında daha müti vəziyyətə düşsün.
Göründüyü kimi bu qədər çətin labirintin
içinə düşən “57. bazar” satıcılarının başqa ticarət obyektlərində özlərinə iş
tapmaq imkanı olduqca məhduddur. Maraqlıdır ki, bu bədxəbər verilməmişdən əvvəl
bazar sahibləri satıcılardan aylıq ödənən yer haqqını da zorla alıblar. Pulu olmayanların evlərinə polis
göndərilib, təhdid vasitəsilə onlardan borclu olduqları son qəpiyə qədər
“töycü” yığılıb. Sökülməsi gözlənilən bazarda böyük vəsait hesabına yer
alanlara hansısa kompensasiyanın verilməsi nəzərdə tutulmur. Məlumatlı qaynağın
bildirdiyinə görə, sözü gedən bazarın sökülməsinin iki başlıca səbəbi var. Səbəblərdən
biri iş yerləri əllərindən alınan böyük satıcı kütləsini soymaq, digəri isə
əhalinin Muxtar Respublikadan köçürülməsini təmin etməkdir: “Hələ iki il əvvəl
“57. bazar”ın sökülməsi məsələsi yenidən gündəmə gəlmişdi. O zaman satıcıların
ciddi narazılığından çəkinən yerli hakimiyyət öz istəyinə tam nail olmasa da
bazar ətrafında ticarətə qadağa qoya bilmişdi. Tək bu səbəbə görə işsiz qalan
200-300 ailə Muxtar Respublikanı tərk etmək məcburiyyətində qalmışdı. O zaman
yarımçıq qalan planı indi yenidən həyata keçirmək istəyirlər. Plan reallaşacağı
təqdirdə yüzlərlə ailə işsiz qalacaq və onların da başını götürüb xarici
ölkələrə qaçmaqdan başqa çarəsi qalmayacaq.” Bəs, yerli əhalinin Muxtar
Respublikadan uzaqlaşmasına səbəb olan bu siyasət nəyə xidmət edir? İnformasiya
qaynağına görə bu sualın cavabı Muxtar Respublikanı daha rahat idarə etmək
ehtimalında gizlənir. Az əhali kimlər üçünsə həm də daha az problem deməkdir. Bazar
böhranının yaşandığı Muxtar Respublikada baş verənləri əsl insanlıq dramı
adlandıran həmsöhbətimizin son sözü belə oldu: “İnanın, adam lazımdır ki,
Naxçıvan əhalisinin halına ağlasın.”
































































































