Vəkil Elçin Sadıqlı bu gün qondarma ittihamlarla həbs edilən və MTN təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Moderator.az-a açıqlamasında E.Sadıqlı bildirib ki, müdafiə etdiyi şəxsin vəziyyətini normal hesab etmək olar: "Bu gün səhər təcridxanada bildirib ki, əgər ona vəkillə görüşə icazə verilməsə aclıq aksiyasına başlayacaq. Amma bizə görüş verdilər. Pərvz Həşimli bildirdi ki, onun həbsi jurnalist və hüquq müdafiəçisi kimi ictimai fəaliyyəti, həmçinin AXCP sədri Əli Kərimli ilə bağlıdır. Hələ ona ittiham verilməmişdən əvvəl Sahib adlı müstəntiq ona belə bir sual verib: "Silahları Əli Kərimliyəmi gətirmişdin?" Hesab edirəm ki, bunlar onun jurnalist fəaliyyəti ilə bağlıdır.
E.Sadıqlı əlavə edib ki, müştərisi hələ də vəkillərin iştirakı ilə dindirilməyib: "P.Həşimli istintaqın ləng aparılmasından narazılıq edib. Onun təcridxanadan yazdığı məktubların heç biri göndərilmir. Vəkillə görüşə gələndə qeydlərini götürməyə icazə verilmir".
Vəkil müdafiə hüququnun pozulduğunu da vurğulayıb: "Görüşdən sonra mənim qeyd dəftərimi məcburi aldılar və baxdılar".


































































































