Moderator.az-ın “Media forum”a istinadən verdiyi məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin hazırladığı “arzuolunmaz şəxslər” siyahısından Dağlıq Qarabağa qanunsuz səfər edən bir neçə şəxsin adı çıxarılıb.
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, siyahıdan çıxmaq istəyini bildirən olsa, bu ənənə davam edəcək: “Əvvəldən də bəyan etmişdik ki, siyahı yumşaq xarakterlidir, hansısa adlar oraya əbədi salınmır. Əgər gələcəkdə də öz peşmançılığını əks etdirən və ya açıq şəkildə ölkəmizin ərazi bütövlüyünü tanıdığını deyən, mövcud şəraiti izah etməkdən çəkinməyən şəxslər bizə müraciət edəcəksə, onun siyahıdan çıxarılması məsələsinə baxılacaq”.
Elman Abdullayev siyahı açıqlandıqdan sonra Dağlıq Qarabağa qanunsuz səfərlərin daha çox vüsət almasının səbəbini belə izah edib: “Çoxları ya aldadılaraq, ya da erməni lobbisinin ciddi təsiri altında hərəkət edir. Siyahının açıqlanması ilk olaraq Ermənistanda və Dağlıq Qarabağın erməni icmasında ciddi təşvişə səbəb oldu. Ona görə bu gün obraz yaratmağa çalışırlar ki, Dağlıq Qarabağa səfərlər getdikcə daha sürətli xarakter alıb. Guya beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməkdə və əməkdaşlıq yaratmaqda maraqlıdır. Fakt isə göstərir ki, səfər edən şəxslərin çoxu ermənidir. Bəzi şəxslərin isə ermənipərəstliyi onların siyasi platformasından, fəaliyyətindən irəli gəlir, siyasi, ya da maliyyə baxımdan erməni lobbisinin təsiri altındadırlar, onların dəstəyi ilə qanunverici orqanlara seçilir və ya siyasi dividend əldə edirlər”.
Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, bütün təşvişlərə baxmayaraq tendensiya Azərbaycanın xeyrinə diktə edir: “Azərbaycan beynəlxalq aləmin diqqətini bu məsələyə cəlb etməyə nail oldu. Adının siyahıdan çıxarılması üçün məktubla müraciət edənlərin sayı artıb. Əksəriyyət Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməkdən həqiqətən də peşman olduğunu bildirir. Bəzən isə səfərdən öncə Azərbaycan tərəfə müraciət edilir, rəyi öyrənilir. Bu təşəbbüslə beynəlxalq ictimaiyyətə nə qədər prinsipial mövqeyə sahib olduğumuzu göstərməyə çalışırıq. Açıq şəkildə bildiririk ki, Azərbaycan işğal olunmuş ərazilərə qanunsuz səfər edən şəxslərlə bağlı qətiyyətli mövqe nümayiş etdirir. Amma lüzum yarandıqda həmin şəxslərin məsələsinə də baxıla bilər.
Bir sıra ölkələrin işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslərə qarşı ciddi addımlar atılır. Həbs edilirlər, ciddi məhkəmə işi açılır, adları İnterpola verilir. Əgər adlarını siyahıdan çıxardığımız şəxslər eyni əməli təkrarlayarsa, Azərbaycan tərəfi daha sərt addımlar atacaq”.
Politoloq, Milli Məclisin üzvü Rasim Musabəyov da müraciət edən şəxslərin adlarının siyahıdan silinməsini normal hal hesab edir: “Dağlıq Qarabağa gedən insanları Azərbaycanın düşməninə çevirməkdə heç bir maraq yoxdur. Kimsə üzrxahlıq edir, səhvini boynuna alırsa, onun siyahıdan çıxarılması mümkündür. Burada qəbahət yoxdur”.
Politoloq Dağlıq Qarabağa səfərlərin artmasının səbəbini də izah edib: “Ermənilər anlayır ki, Azərbaycana iqtisadi, hərbi, informasiya baxımdan uduzmağa başlayıblar, canfəşanlıq etməyə çalışırlar. Dünyada yeddi-səkkiz milyon erməni var, kifayət qədər nüfuzlu ölkələrdə yaşayır, imkanları genişdir. Həmin imkanları hərəkətə gətirərək bu cür səfərləri təşkil edirlər. Amma fərz etmirəm ki, bunun nəticəsində Dağlıq Qarabağa münasibət dəyişəcək və ya o tanınacaq”.































































































