Milli Şurasının Seçki Strategiyası Mərkəzinin toplantısı keçirilib

Hazırda oxunan: Milli Şurasının Seçki Strategiyası Mərkəzinin toplantısı keçirilib

34286

 Milli Şuranın mətbuat xidmətindən Moderator.az saytına daxil olan məlumata görə bu gün Müsavat partiyasının mənzil- qərargahında Demokratik Qüvvələrin Milli Şurasının Seçki Strategiyası Mərkəzinin toplantısı keçirilib.

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin sədrliyi ilə keçirilən toplantıda seçki təşviqat kampaniyasının hazırkı durumu, 22 sentyabr görüş- mitinqinin nəticələri, namizədin Bakıda və regionlarda seçicilərlə keçirəcəyi görüşlərin və mitinqlərin vaxt intervalı, səlahiyyətli nümayəndələrinin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilər korpusunun müəyyənləşməsi, 29 sentyabr görüş- mitinqinə hazırlıq və s. məsələlər müzakirə olunub.

Toplantı iştirakçıları seçki kampaniyasının gedişi ilə bağlı hazırkı vəziyyəti müzakirə edərək Cəmil Həsənlinin televiziya debatlarını və 22 sentyabr görüş- mitinqini yüksək qiymətləndiriblər. Yığıncaqda yaxın dövrdə görüləcək işlərlə bağlı iş bölgüsü aparılıb.

Toplantıda Milli Şuraya daxil olan partiya rəhbərləri, komissiya sədrləri, Seçki Qərargahının üzvləri iştirak ediblər.

 

29 sentyabr görüş- mitinqi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olundu

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin 29 sentyabrda keçiriləcək növbəti görüş- mitinqi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Müraciətdə deyilir; “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa və Seçki Məcəlləsinin 86.2-ci maddəsinə müvafıq olaraq, 29 sentyabr 2013-cü il tarixdə saat 1600-dan 1800-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman Sağlamlıq Kompleksinin stadionunda, Seçki Məcəlləsinin 74-cü maddəsinə əsasən 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Həsənli Cəmil Poladxan oğlunun seçicilərlə görüşü keçiriləcəkdir.

“Professor Cəmil Həsənliyə səs verin!”, “Doğrunu seç!”, “Konstitusiyaya əməl edək!”, “Namizədlərə bərabər şərait yaradılsın!”, “Qanunların alililiyi hamı üçündür!”, “Namizədlə görüşə əngəl yaratmayın!”, “BƏSDİR!” və seçki təbliğatına aid digər şüarlarla keçiriləcək görüşdə 10 (on) min nəfərin  iştirakı gözlənilir.

Seçki Məcəlləsinin 86.1-ci maddəsinə əsasən bu görüşün keçirilməsinə kömək göstərilməsi və eləcə də görüşün təhlükəsizliyinin təmin edilməsi rəhbərlik etdiyiniz qurumun qanuni borcudur.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa və Seçki Məcəlləsinə əsasən məktubumuzu müzakirə edərək, görüşün keçirilməzinə ən azı 3 iş günü qalanadək təşkilatçılara məlumat verməyinizi xahiş edirik”.

 

İctimai Televiziya Cəmil Həsənliyə ödənişli efir vaxtı ayırmaq istəmir

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Seçki Məcəlləsinə uyğun olaraq İctimai Televiziyanın ödənişli efir vaxtından istifadə etmək üçün 23 sentyabr tarixdə İTV- yə müraciət edib.

Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri Elman Fəttah və Məcid Məcidli ödənişli efir vaxtının ayrılması ilə bağlı müqavilə bağlamaq üçün bu gün ITV nin direktor müavini Aliabbas adlı şəxslə görüşüblər. Direktor müavini bildirib ki, Seçki Məcəlləsinin 80.4 və 81.4- cü maddələrinə əsasən ödənişli efir vaxtının ayrılması ilə bağlı müddət bitdiyindən Cəmil Həsənli üçün ödənişli efir vaxtı ayrılmayacaq.

Namizədin nümayəndəsi Elman Fəttah Milli Şuranın Mətbuat Xidmətinə bildirib ki, İTV- nin direktor müavini yalan danışır və Seçki Məcəlləsinin qeyd olunan bəndlərində ödənişli efir vaxtından söhbət getmir.

Qeyd edək ki, namizədin adı çəkilən nümayəndələri  23 sentyabr tarixdə İTV- nin buraxılış məntəqəsində qeydiyyatdan keçərək aidiyyatı şəxslərlə görüşmək üçün 2 saat TV- də olublar. Lakin bu müddət ərzində onlarla heç kim görüşməyib.

İctimai Televiziyada ödənişli efir vaxtının ayrılmaması ilə bağlı prezidentliyə namizəd Cəmil Həsənlinin və Milli Şuranın adekvat addımları olacaq.

 

“Bu hakimiyyət ataların qisasını oğullardan alır”

Cəmil Həsənli Əli Kərimlinin oğlunun həbsi ilə bağlı etiraz bəyanatı ilə çıxış edib

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və onun dostları Ülvi Nuriyevlə Coşqun Salahovun həbs olunması ilə bağlı etiraz bəyanatı ilə çıxış edib.

Bəyanatda deyilir; “Mən gənclərimizin, həmçinin Əli bəyin övladının həbsini çox təəssüflə qarşılayır, hiddətlə qınayıram. Bu həbsi İlham Əliyev səviyyəsində razılaşdırılmış, rəqiblərinə qarşı qurşaqdan aşağı zərbə kimi qiymətləndirirəm. Mövcud hakimiyyət milli mənəvi dəyərləri o qədər itirib ki, siyasi rəqiblərinə onların ailələri vasitəsi ilə təzyiq edir, ataların qisasını övladlardan alır. Mən Türkel bəyin və qanunsuz həbsdə olan bütün gənclərimizin qeyd- şərtsiz azadlığa buraxılmasını tələb edirəm”.

 

Cəmil Həsənlinin seçki təbliğatına hakimiyyət repressiyalarla cavab verir

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki təbliğat kampaniyasını həyata keçirən fəallara, eləcə də onun səlahiyyətli nümayəndələrinə qarşı hakimiyyət tərəfindən təzyiqlər güclənib.

Həmçinin bir çox seçki dairələrində Cəmil Həsənlinin seçki plakatları cırılır və ya yararsız hala salınır. Seçki Qərargahından verilən məlumata görə 23 sentyabrda KXCP Tovuz rayon şöbəsindən partiyanın Ali Məclis üzvü Vüqar İsmayılov seçki kampaniyası ilə əlaqədar təşkilatı işləri yerinə yetirərkən həbs olunub və ona rayon məhkəməsinin qərarı ilə 7 sutkalıq inzibatı həbs cəzası verilib.

Cəmil Həsənlinin Seçki Qərargahından verilən məlumata görə 18 saylı Nizami Nərimanov seçki dairəsi hüdudlarında Cəmil Həsənlinin seçki plakatları kütləvi şəkildə cırılıb. Hazırda əraziyə məsul olan KXCP Seçki Qərargahının üzvləri cırılmış və ya yarasız hala salınmış plakatlar yeniləri ilə əvəzlənir.

 

Cəmil Həsənli Britanıyanın ölkəmizdəki səfiri ilə görüşüb

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli sentyabrın 24- də Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq ilə görüşüb. Görüşdə Azərbaycandakı mövcud vəziyyət, seçki prosesi, əhalinin maarifləndirilməsi məsələsi, azad, demokratik, ədalətli seçkilərin keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Cəmil Həsənli Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə Böyük Britaniyanın ölkəmizdəki səfirinə uğurlar arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin