“Sumqayıtda avtomobilyuma məntəqələrinin inşası ilə bağlı ciddi problem mövcuddur”. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, problemə səbəb icra yetkililərinin “moyka” sahiblərindən qeyri-qanuni ödəniş tələb etməsidir:
“Sumqayıtda inşa edilən “moyka”ların sahiblərindən icra yetkililəri 30 min manat məbləğində “şirinlik” tələb edir ki, bu da sahibkarlar tərəfindən ciddi narazılıqla qarşılanır. “Moyka” sahibləri hesab edir ki, yetkililərin şirinlik adı ilə iş adamlarından konkret məbləğ tələb etməsi yolverilməzdir. Onlar belə bir tələbin qanundan kənar olduğu kimi məntiqdən də kənar olduğu qənaətindədirlər. Artıq məlum problem səbəbi ilə bəzi sahibkarlar inşaat işlərini yarımçıq qoyaraq fəaliyyətlərini dayandırıblar. Sahibkarlar hesab edir ki, əslində ilkin olaraq tələb edilən 30 min “şirinlik” gələcək qanunsuz tələblərin müjdəçisidir. Bu səbəbdən də bəzi iş adamları öz kapitallarını risk altına qoymaqdansa ziyanın yarısından qayıtmağı daha məqsədəuyğun hesab edirlər”.































































































