EL Hərəkatının üzvü Əflan İbrahimovun təmsilçisi olduğu quruma asi çıxaraq rəhbərliyə qarşı ağır ittihamlar səsləndirməsinin ardından “qiyamçılar”ın ikinci EL yaratmağa hazırlaşdığı barədə iddialar da mətbuatın gündəmini zəbt etdi.
Bildirildi ki, Eldar Namazovun rəhbərliyi altında fəaliyyət göstərən EL-dən yeni zühur edəcək EL-ə ciddi transferlər olacaq. Bununla bağlı hətta bir zamanlar məhşur olmuş bəzi şəxslərin də adları çəkilməyə başladı və onların da ikinci EL-ə qoşulduqları iddia olundu. Barəsində iddialar səsləndirliən məhşurlardan biri də Faiq Baxşəliyevdir.
Moderator.az saytı da məsələni araşdırmaq üçün Faiq Baxşəliyevlə əlaqə saxlayıb. Keçmiş hərəkatçı və millət vəkli bildirib ki, barəsində yazılanlar və danışılanların heç bir əsası yoxdur və o nə birinci, nə də ikinci EL-də təmsil olunmaq fikrindədir:
“Doğrudur, mən Eldar Namazovla da, Eldəniz Quliyevlə də dostam və yaxın münasibətlərimiz var. Ancaq mən çoxdan siyasətdən və ictimai fəaliyyətdən imtina etmişəm və kiminsə təklifi, təşəbbüsü ilə bir daha bu işlərə qarışan deyiləm. Mətbuatdan da xahiş edirəm ki, adımı hallandırmasınlar. İş ondadır ki, Əflanla da mənim dostluq əlaqələrim var. Görünür, mənim hər iki tərəfdəki insanlarla şəxsi münasibətlərimin olmasından bu cür yanlış nəticə çıxarıblar. Ancaq hamı bilsin ki, mənim EL-lərin heç biri ilə əlaqəm yoxdur. Başımı aşağı salıb öz işimlə məşğulam.”



































































































