Eldar Həsənov Eynulla Fətullayevi məhkəməyə verə bilər

Hazırda oxunan: Eldar Həsənov Eynulla Fətullayevi məhkəməyə verə bilər

32449

Azərbaycanın Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, sabiq baş prokuror Eldar Həsənov jurnalist Eynulla Fətullayevi məhkəməyə vermək istəyir. Bu barədə dünən redaksiyamıza Eldar Həsənova yaxın olan mənbə məlumat verib.
Onun dediyinə görə, həmişə media təmsilçilərinə isti münasibəti və barəsində mənfi yazılara dözümlü yanaşması ilə seçilən Eldar Həsənov Eynulla Fətullayevin avqustun 13-də virtualaz.org saytında yazdığı “İlham Əliyevə qəsdin üstü açıldı” məqaləsi və bundan bir neçə gün sonra həmin saytda Eldar Həsənova cavabında yazdıqları səfiri qəzəbləndirib. Eldar Həsənov hər iki məqalədə son dərəcə ağır cinayətlərdə suçlandığını və bu suçlamaların böhtan olduğunu əsas göstərərək Eynulla Fətullayevin məhkəmə vasitəsilə cəzalandırılmasını tələb etməyi planlaşdırır. Məlumatda həmçinin deyilir ki, sabiq baş prokuror Eynulla Fətullayevin ona böhtan atdığı və bu səbəbdən də jurnalisti məhkəməyə vermək istəyini hətta prezident İlham Əliyevə də çatdırıb. Ölkə başçısından isə “məhkəməyə müraciət etmək hüququndur” cavabını alıb.
“Yeni Müsavat”ın dünənki sayında məlumat verilib ki, E.Həsənovun Azərbaycanda dövlət çevrilişi həyata keçirməyə cəhd göstərən qrupla əlaqələndirilməsi, Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı planlarında yer alması haqda məlumatların gündəmə gətirilməsi və ünvanına bir sıra ittihamlar səsləndirilməsi səfirin ölkə rəhbərliyinə izahat verməsinə səbəb olub. E.Həsənov ölkə rəhbərliyi ilə təmasa keçə bilib və təkcə barəsində yazılanların doğru olmadığını izah etməklə kifayətlənməyib. Həm də ona qarşı kampaniyanın arxasında hakimiyyət daxilində kimlərin dayandığını deyib, konkret adlar açıqlayıb. Səfir həmçinin bu kampaniyanın nə məqsədlə aparıldığını da deyib. Məlumata görə, E.Həsənov mövqeyini ifadə edərkən ona qarşı kampaniya aparanlar haqda diplomatik üslubda yox, kifayət qədər açıq danışıb, konkret ünvanlar göstərib. 
E.Fətullayevi məhkəməyə vermək fikrini də prezidentə məhz bu danışıq zamanı çatdırdığı istisna deyil.
Məsələyə Eynulla Fətullayevin münasibətini öyrəndik. O, öncə bildirdi ki, ehtimalı şərh etmək istəmir: “Məhkəməyə müraciət edilməyibsə, bu barədə nəzəriyyəni şərh etmirəm. Əgər məhkəməyə müraciət edilsə, münasibət bildirərəm. Ehtimal və nəzəriyyələri niyə şərh eləməliyəm? Versə, o zaman şərh edərəm”.
“Məlum yazıların müəllifi olaraq orada məhkəmə predmeti olacaq, məsuliyyət yaradan fikirlərin olduğunu düşünürsünüzmü” sualına E.Fətullayev belə cavab verdi: “Qətiyyən yoxdur. Çünki orada həm araşdırma, həm də təhlilə söykənən fikirlər əksini tapıb. O yazıda heç bir təhqiredici və şərəf və ləyaqəti aşağılayan fikirlər, mülahizələr yoxdur. Mən hesab eləmirəm ki, məqaləmdə kiminsə şərəf və ləyaqətini təhqir etmişəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin