Azərbaycan kütləvi informasiya vasitələri sahəsində yaranmış vəziyyətlə bağlı bizim saytda dərc olunan fikir və müzakirələr həm ölkə hakimiyyətində, həm də yerli ictimai rəydə müəyyən anlaşılmazlıqlar doğurub.
Bəzi qüvvələr haqqin.az saytının rəhbəri Eynulla Fətullayevin konstruktiv təhlillərini Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova qarşı mütəşəkkil və planlaşdırılmış kampaniya kimi təqdim etməyə cəhd göstərdi.
Virtualaz.org-un məlumatına görə, jurnalsit Eynulla Fətullayev bu gün bu məsələ ilə bağlı xüsusi bəyanatla çıxış edib. O deyib:
“Mən çox təəssüf edirəm ki, Azərbaycan mətbuatında yaranmış vəziyyəti obyektiv şəkildə işıqlandırmaq cəhdlərimi Əli Həsənova qarşı insinuasiya kimi təqdim etməyə çalışanlar oldu. Mənə elə gəlir ki, problemləri həll eləmək üçün onları ilk növbədə müzakirə etmək gərəkdir. Əgər bu problemlər bizim gözümüzün qabağındadırsa, uğurlardan danışmaq nəyə lazımdır? Çox təəssüf edirəm ki, bir çox qərəzli və əxlaqsız insanlar mənim bu xoşməramlı tənqidlərimdən o dəqiqə öz çirkin məqsədləri üçün istifadə etməyə və bizim Mətbuat Şurası və PA ictimai-siyasi şöbəsi ilə münasibətlərimizi gərginləşdirməyə çalışdılar.
Mən Əli Həsənovun şəxsiyyətinə böyük hörmətlə yanaşır və onu Azərbaycanın ən istedadlı məmurlarından biri hesab edirəm. Onu bir neçə dəfə digər məmurlara nümunə də göstərmişəm. Əli Həsənov sehrbaz deyil ki, onilliklər boyunca yaranmış vəziyyəti bir əl hərəkəti ilə dəyişsin. Əgər hər şey Əli Həsənovdan asılı olsaydı, onda biz KİV sahəsində çoxdan inqilab eləmişdik”.































































































