"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin məlumatına görə qəza Kür Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi 3-cü döngə ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, su kəmərinin mühafizə zolağında bir neçə il öncə qeyri-qanuni inşa edilmiş 23 nömrəli fərdi yaşayış evinin altında olub.
Belə ki, həmin ərazidə fərdi yaşayış evlərinin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, evlərin magistral su xəttinin mühafizə zonasında tikilməsi qəzanın aradan qaldırılmasında müəyyən çətinliklər yaradıb.
“Azərsu” ASC bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi və kommersiya obyektlərinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.
Qeyd edək ki, Bakı şəhəri Binəqədi rayonun Biləcəri qəsəbəsi ərazisindən böyük diametri, yüksəktəzyiqli 7 magistral su xətti keçir. 1990-cı illərin ortalarında magistral kəmərlərin keçdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evləri və kommersiya obyektləri tikilib.




































































































