Goranboy rayonunda son illər baş verən kriminal olaylar öz süjetinə, gərginliyinə və qorxunc mahiyyətinə görə bir çox rayonlardan fərqlənir.
Xatırladaq ki, 2009-cu ilin iyun ayının 13-də Goranboyda bütün ölkə gündəmini zəbt edən kütləvi həbslər baş verdi. Rayon Təhsil Şöbəsinin müdiri Elmar Əliyev, rayonun Səfikürd, Borsunlu, Ağamalıoğlu kənd və Dəliməmmədli şəhər orta məktəblərinin direktorları, RTŞ baş mühasibi və s. şəxslər həbs olundu. Bununla bağlı dərc edilən xəbərlərdə bildirilirdi ki, Elmar Əliyevin seyfindən 2 milyon manat pul, onlarla qanunsuz orta təhsil haqqında şəhadətnamə aşkar edilərək götürüldü.
Rayonun bütün məktəblərində kütləvi yoxlamalar başladı və demək olar ki, bütün məktəbləri əhatə edən ciddi cinayət faktları müəyyən edildi. O zaman bu hadisə bütün cəmiyyətdə, xüsusilə də, təhsil mühitində və rayonda şok effekti yaratmışdı. İnsanlar nə baş verdiyini anlaya bilmirdilər. Belə cinayətlər demək olar ki, bütün rayon təhsil şöbələri üçün səciyyəvidir. Goranboyda sözsüz ki, istintaqın da sonradan sübuta yetirdiyi kimi, bu cinayətlərin miqyası "məqbul həddi" dəfələrlə aşmış və kütləvi şəkil almışdı. Ancaq yenə də, demək olar ki, bütün təhsil sisteminin özəyini təşkil edən belə hallara niyə məhz Goranboyun timsalında belə sərt reaksiya verildi sualı yerli sakinləri çox düşündürürdü. İstintaq prosesinin Azərbaycan reallığı üçün xarakterik olmayan sərtliyi, prinsipiallığı və "dilbilməzliyi" də şübhələri artırırdı.
Yalnız Elmar Əliyevin özünün və yaxın ətrafının bildiyi və uzun müddət sirr olaraq saxladığı bu həqiqət bu gün Goranboyda əksəriyyətə bəllidir. Beləliklə, gerçəkdə Goranboyda nələr baş verib? 2007-ci ilin yayında PA kurator vəzifəsində çalışmış, heç bir idarəetmə təcrübəsi olmayan, lakin yaxşı, "yeyib-içən oğlan" imicli Elşən Litvin oğlu Abbasovu Goranboy rayonuna icra başçısı təyin edirlər. Yeni başçının tez-tez Bakıdan hörmətli qonaqları gəlir və səfalı Gülüstan istirahət mərkəzində təşkil edilən belə məclislərin birində Elşən müəllim Elmar Əliyevi özünün ən əziz qonağı, PA kurator vəzifəsində çalışan keçmiş həmkarı, hal-hazırda isə millət vəkili olan İlham Əliyevlə tanış edir. Tezliklə, Elmar Əliyev icra başçısının vasitəçiliyi ilə İlham Əliyevlə anlaşır və sonuncu ona, qaynatası Ramiz Mehdiyevin köməkliyi ilə Göygöl rayon icra hakimiyyəti başçısı vəzifəsini söz verir. Tezliklə, 700 min manat vəsait ünvanına çatdırılır və Elmar Əliyev səbirsizliklə, təyinatı haqqında prezident sərəncamını gözləyir. Bir neçə aydan sonra səbri tükənən təhsil müdiri başçı vasitəsilə ünvana müraciət edir və "gözlə" cavabını alır. Yenə bir-neçə ay keçir və bu dəfə səbirsiz şöbə müdirinə ...Naftalanı təklif edirlər. Cəmi iki məktəbi olan kiçik Naftalan şəhərini. Bu təbii ki, 70-dən çox məktəbi olan və 700 min "şirinlik" ödəmiş təhsil müdiri üçün təhqir idi. O ya Xanlar, ya Mingəçevir deyə israr edir.
Yenə zaman keçir və bu zaman Elmar Əliyev ...həyatının ən böyük səhvini edir: Elşən Abbasov vasitəsilə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ödənmiş pulunu geri istəyir! Bu hərəkətin nə demək olduğunu və nə ilə cəzalandığını isə indi bütün Azərbaycan Elşad Abdullayevin videoyayımları sayəsində yaxşı bilir! Təəssüf ki, o zaman bunu nə Elmar Əliyev, nə də Elşən Abbasov təsəvvür edə bilməzdilər! Sonrası isə məlumdur: həbslər, cinayət təqibi, məhkəmə və s. Az sonra Elşən Abbasov vəzifəsindən uzaqlaşdırılır və karyerasına son qoyulur.
Kifayət qədər imkanlı şəxs olan təhsil müdirinin məhkəmələrlə "sövdələşmə" cəhdləri həmişə ən son məqamda, "yuxarıların" müdaxiləsi nəticəsində pozulur. Elmar Əliyevlə birlikdə həbs olunanların əksəriyyəti bu gün azadlıqdadır. Ancaq Elmar Əliyev 700 min manatını tələb etdiyi üçün hələ də həbsdə qalır.
Yuxarıda sadalan faktlarda adıçəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.
"Bizim Yol" qəzeti


























































































