Hüseyn Abdullayevin mahnılarını oxuyan müğənnilər danışdı - EKSKLÜZİV

Hazırda oxunan: Hüseyn Abdullayevin mahnılarını oxuyan müğənnilər danışdı - EKSKLÜZİV

29569
Röya Hüseyn Abdullayevə dəstək olacaq, Aygün Bəylər və Zülfiyə Xanbabayeva isə bu barədə danışmaqdan çəkinir

Keçmiş deputat, bəstəkar Hüseyn Abdullayevin “Susma” mahnısı ciddi ictimai rezonans doğurub. Azərbaycanda xalqı mübarizəyə səsləyən klipin yayımından sonra Hüseyn Abdullayevin ailəsinə və “Susma”nı oxuyan “Şeron” qrupuna təzyiqlər başlayıb.

Bəs görəsən, Hüseyn Abdullayevin mahnısını oxuyan müğənnilər onunla yenidən əməkdaşlıq edəcəkmi? Yaxud, həmin müğənnilər Hüseyn Abdullayevi müdafiə edəcəklərmi? Moderator.az bu suallarla onların bəzilərinə müraciət edib.

“Şeron” qrupunun üzvü Ülvi Məmmədov Moderator.az-a bildirib ki, onlar mahnını yalnız studiyada ifa ediblər: “Bizi dəvət etdilər, biz də sadəcə studiyaya gedib bu mahnını ifa elədik. Nə o mahnıya çəkilən rolikdən, nə də mahnı zamanı səsləndirilən şeirdən bizim xəbərimiz olmayıb. Mahnı çox gözəldir. “Susma” mahnısının musiqisini hamı kimi mən də bəyənirəm. Bir misal çəkim... “Heyratı” muğamındakı sözlərə fikir verin: “"Qalx ayağa, millət, boğmasınlar səsimizi. Bir bayraq altında birləşdir bizi..." Həmin bu roliki o mahnıya da qoysaq, həmin forma alınacaq. “Susma” mahnısına qoyulan rolik haqqında heç nə deyə bilmərəm, demək də istəmirəm, bunun ifaçılara dəxili yoxdur”.

“Hüseyn Abdullayevin bir neçə mahnısını oxuyan qrup olaraq ona qarşı təzyiqləri necə dəyərləndirirsiz” sualına Ülvi Məmmədov belə cavab verdi: “Biz müğənni adamlarıq. “Şeron” qrupu olaraq heç vaxt heç kimin şəxsi işinə, yaxud siyasətə qarışmamışıq. Heç qarışmaq fikrimiz də yoxdur. Mən Hüseyn müəllimin hansısa təzyiqlərə məruz qalıb-qalmadığını bilmirəm. Bizi çağırıblar mahnı oxumağa, biz də gedib oxumuşuq. Biz kimik ki, kiməsə dəstək olaq. Borcumuz oxumaq idi, oxumuşuq. “Susma” vətənpərvər ruhda yazılmış gözəl mahnıdır”.

Müğənni Röya Ayxan özü vətəndə olmadığından əvəzində prodüseri Kənan Bayramov danışıb: “Röya əlbəttə, Hüseyn Abdullayeva dəstək olacaq. Kim öz dostuna dəstək olmaz ki?!”

Müğənni Aygün Bəylər əvvəlcə Hüseyn Abdullayev haqqında danışmaq istəmədiyini bildirdi: “Mən 4-5 ildir musiqi aləmində, şou-biznesdə deyiləm. Yalnız yaradıcılığımla məşğul oluram. Mənə heç kəs lazım deyil, heç kimin problemi mənə qalmayıb. Belə sualları mənə verməyin. Mən hamıya əl tutmuşam. Hətta kasıb-kusub toylarını belə gedib, pulsuz oxumuşam. 20 ildir dostların qulluğunda dayanıram. Bu suallara Hüseyn Abdullayevin dostları cavab versin. Mən sadəcə10-15 il öncə onun mahnısını oxumuşam. Heç kimə dəstək olmuram. Siyasətə də qatışmıram”.

Aygün Bəylər Hüseyn Abdullayevə təzyiq göstərilib-göstərilmədiyindən xəbərsiz olduğunu dedi: “Ona təzyiq göstərildiyini heç kim iddia edə bilməz. Biz məgər Hüseyn Abdullayevin yanında yaşayırıq?! Mən Hüseyn Abdullayevi 10 il ərzində ən çoxu 20-30 saat görmüşəm”.

Xalq artisti Zülfiyyə Xanbabayeva sualımızı eşidəndən sonra “məşğul” olduğunu əsas gətirərək, danışa bilməyəcəyini dedi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin