Neftçalaya getmişdim yaxın qohumumun toy mərasiminə. Əvvəlcə aprelin 3-dən 4-nə keçən gecə təmas xəttində gedən döyüşlərdə şəhid olmuş Milli qəhrəman Samid İmanovun yaxınlarına başsağlığı verməyi özümə borc bildim.
Dedilər, evlərində heç kəs yoxdur. Xalasıgilə getdim. Əslində mən ora jurnalist kimi deyil, yaxın qonşu kimi getmişdim. Müsahibə almaq fikrində deyildim. Nə yanımda fotoaparatım var idi, nə də qələmim... Lakin Samid İmanov haqqında danışılanlar yaddaşıma cümlə-cümlə həkk oldu, məni bu yazını yazmağa vadar etdi.
Qapıdan içəri girən kimi xalası bir kəlmə demədən ayağa qalxaraq məni qucaqlayıb hönkürtüylə ağladı.
30 dəqiqəlik görüşün nə qədər ağır keçdiyini təsvir edə bilmirəm sözlə. İnsan təsəlli verməyə söz tapmır. "Başınız sağolsun!", "Vətən sağolsun!", "Allah rəhmət eləsin!" deməkdən başqa dilimizdən bir iş gəlmir.. Heç nə danışa bilmədim, susdum, o danışdı:
"Biz Samidi istəyirik. Hər gün zəng gəlir, jurnalistlər müsahibə almaq istəyirlər. Nə danışaq axı? Danışmaqla o geri qayıtmayacaq. Televizorda şəhidlər haqqında nəsə göstərəndə içimiz yanır. Hamısı bizim balamızdır. Kim gəlir gəlsin, fərqi yoxdur. Biz Samidi istəyirik, Samid gəlsin. O, sakit təbiətli, mərd oğul idi. 6 dil bilirdi. Biz bir dili heç düz əməlli bilmirik.
Yas günü Samidin medallarını, təltiflərini görəndə hamımız təəccübləndik. Heç birindən xəbərimiz yox idi. O qədər sadə insan idi ki. Bu qədər uğurları var imiş. Heç olmasa yaralı gələrdi, bilərdik sağdır. İnsafdan deyil onun ölümü. Özü yaralı ola-ola əsgərlərə əmr verir ki, yaralı giziri döyüş meydanından çıxarsınlar. Vətəni üçün canından keçdi. Getdiyi hər kəşfiyyatdan qayıdanda "Ana, Vətən" yazıb qayıdırdı. Onun kimi oğul Vətənə diri lazımdır. Ondan bizə qalan 2 yaşlı Fidan və 2 aylıq oğlu Turandır. Fidan çox həssas uşaqdır. Atasının məzarını görən kimi şəklinə baxıb ağladı. "Atam burdadır.." dedi. Turan da sanki onun yoxluğunu başa düşür. Samid şəhid olandan bəri çox ağlayır, sakit dayanmır. Zamanla hər şey düzələcək, bəlkə də onun yoxluğuna alışacağıq. Amma Samid geri gəlməyəcək. Bu çox ağırdır".
Mübarizə qəhrəmanların seçimidir. Şəhidim, sən son nəfəsinə qədər mübarizədən əl çəkmədin. Mən bu gün fəxr edirəm səninlə eyni torpaqda doğulduğuma görə. Tarixə düşəsi addım atdın və tarix yazdın öz qanınla. Vətən üçün, arxanda qoyub getdiyin Fidanlar, Turanlar üçün. Bəlkə də çoxları düşünür ki, döyüş meydanından səni birinci çıxarmalarına icazə verməliydin. Çoxları deyir, övladlarını o an düşünmədimi? O an sənin nə düşündüyünü heç birimiz bilmirik. Lakin Vətənə sədaqət andına xəyanət etmədiyinə hər birimiz şahidik. Sənin də dediyin kimi: “İnsan bu həyata bir dəfə gəlir və bir dəfə də həyatdan gedir. Gedəndə də gərək şərəflə gedəsən”x9d. Sən şərəflə getdin”¦ Ruhun şad, məkanın cənnət olsun!
Allah rəhmət eləsin!
Aytəkin Qardaşova






























































































