Mənim təbrikim başqalarının təbrikindən fərqlənəcək. Mən qadınların özlərini yox, ruhlarını təbrik edəcəyəm. Təbii ki, öz anamdan başlayacağam.
Anam Umleyla Nəcəfqulu qızı Şamaxının ilk ali təhsilli qadınlarından olub. İkinci Dünya müharibəsinin qızğın çağında at belində, əlində tatarı Ərəbqədim kəndində "Bolşevik" kolxozuna rəhbərlik edib. Həm camaatı dolandırıb, həm də cəbhəyə bol taxıl göndərib. Stalinin anama göndərdiyi təşəkkür məktublarını hələ də saxlamışıq...
Həyatda "Ana" dediyim ikinci qadın unudulmaz yazıçımız Əzizə Çəfərzadə olub. Əlbəttə, bu ellər anasının ruhuna da ehtiramımı bildirəcəyəm. Bu zaman uzun illər ünsiyyətdə olduğum başqa bir yazıçı - Xalidə Hasilova da yanımızda olacaq. Biz birlikdə Nüşabəni, Natəvanı, Məhsətini, Əzizə Cəfərzadənin tarixi romanlarının qadın qəhrəmanlarını xatırlayacağıq. Xalidə Hasilova "Azərbaycan qadını" jurnalında haqqında söz açılan yüzlərlə ləyaqətli qadının adını çəkəcək: Zərifə Əliyeva, Aida İmanquliyeva, Püstəxanım Əzizbəyova, Mədinə Gülgün, Mirvarid Dilbazi, Maral Rəhmanzadə, Elmira Qafarova, Züleyxa Seyidməmmədova, Lidiya Rəsulova, Sevil Qazıyeva, Şamama Həsənova, Ağabacı Rzayeva, Şövkət Ələkbərova, Rübabə Muradova, Yavər Kələntərli, Salatın Əskərova, Hökumə Qurbanova, Məhluqə Sadıqova, Nəsibə Zeynalova, Sara Qədimova, Fatma Mehrəliyeva, Nəzakət Məmmədova...
Əlbəttə, hamının adını çəkmək mümkün deyil...Mən jurnalist taleyimdən bir də ona görə razıyam ki, xalqımızın yaddaşında əbədi iz buraxan, ləyaqət rəmzinə çevrilən bu qadınların əksəriyyəti ilə ünsiyyətdə olmuş, məqalələr yazmışam. Çoxu ilə xatirə şəkillərim var. Hər dəfə bu şəkillərə baxanda zənginləşirəm, xəyalən ötən illərə qayıdıram, ruhlarla danışıram, onları şad etməyə çalışıram...Amma ruhlarından qorxduğum, çəkindiyim, xatırlayanda xəcalət hissi keçirdiyim qadınlar da var. Bunlar şəhid olmuş, sinəsinə övlad dağı çəkilmiş, ah - naləsi ərşə qalxmış analarımız, bacılarımızdır...Onları təbrik edə bilməsək də xatırlayaq, bu bayram günündə ruhları qarşısında baş əyək, diz çökək...Bilmirəm, müqəddəs ruhlar bu çür təbriki qəbul edərlərmi?
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist































































































