"MTN işi" çərçivəsində bir çox şəxslərin məsuliyyətə cəlb edilməsinə baxmayaraq, sabiq nazir Eldar Mahmudovun hələ də azadlıqda qalması ictimai rəydə təəccüb və çaşqınlıqla qarşılanmaqdadır. Vətəndaşların bir çoxu hesab edir ki, bütün hallarda E.Mahmudovun nazir kimi MTN-də baş verənlərdə məsuliyyət payı mövcuddur. Çünki bütün qanunsuzluqlar məhz E.Mahmudovun rəhbərliyi dönəmində, onun tabeçiliyində olan şəxslər tərəfindən törədilib.
Maraqlıdır, E.Mahmudovun
hələ də həbs edilməməsi nə ilə bağlıdır? Bunun hüquqi-məntiqi izahı varmı?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən tanınmış hüquqşunas Namizəd Səfərov E.Mahmudovun
hələ də məsuliyyətə cəlb edilməməsinin təəccüb doğurduğunu vurğuladı.
Hüquqşunasın sözlərinə görə, bu, Azərbaycanda heç də hər kəsin qanun qarşısında
bərabər olmadığını göstərir:
"MTN hadisəsi ilə
bağlı dəfələrlə öz çıxışlarımda, sosial şəbəkələrdə fikirlərimi açıq şəkildə
ortaya qoymuşam və bildirmişəm ki, bunun özü çox təəccüblü bir haldır. Bu qədər
özbaşınalıqların, cinayətlərin baş alıb getdiyi idarənin rəhbərinin hələ də
azadlıqda olmasına təəccüblənməmək mümkün deyil.
MTN-də hansı cinayətlərin
baş verdiyi mətbuatda yer alan məlumatlardan hər kəsə bəllidir. Onların bir
qismi həbs olundu, bir qismi vəzifədən azad edildi. Bəzi MTN əməkdaşları isə həbs
olunduqdan sonra intihar etdilər. Bunca cunayət və özbaşınalıqdan MTN rəhbərinin
məlumatsız olması mümkün deyil. Bu məsələdə onun məsuliyyət payı var. E.Mahmudovun
hələ də məsuliyyətə cəlb edilməməsi, bütün ölkədə təəccüblə qarşılanmaqdadır.
Şəxsən mən bunu tamamilə
qanunsuzluq kimi dəyərləndirirəm. Belə çıxır ki, qanunun cinayət törətmiş nazirə
gücü çatmır. Bunu başqa cür izah etmək mümkün deyil. Cəmiyyətdə yayılan
söz-söhbətlərə görə, keçmiş nazir bəzi mətləblərin üstünü açacağı ilə hədələyərək
öz həbsini əngəlləyir. Bu gün görünən, hər kəsin anladığı bu həqiqətdir.
İstər nazir, istər nazir
müavini olsun - bu cinayətlərdə əli olan, məsuliyyət payı olan hər kəs məsuliyyətə
cəlb edilməli, qanun qarşısında cavab verməlidir. Harda yazılıb ki, iri məmurlar
törətdikləri qanunsuzluqlara görə məsuliyyət daşımır, yalnız xırda və orta məmurlar
məsuliyyətə cəlb edilir? Bu, necə məntiq, bu necə yanaşmadır? Bu, qanunun heç də
hər kəs üçün işləməməsi, qanun qarşısında heç də hər kəsin eyni olmadığının təsdiqidir".
Seymur Əliyev































































































