Bu ilin may ayının 1-dən qüvvəyə minəcək İnzibati Xətalar Məcəlləsində intizamsız piyadalar üçün cərimənin artırılması nəzərdə tutulur. Belə ki, yeni qaydaya əsasən piyada keçidindən istifadə etməyən piyadalar 20 yox, 30 manat cərimə ödəyəcəklər. Qanunverici orqanın piyadalar üçün cəriməni artırması, yəqin ki, onların intizamını yüksəltməyə hesablanıb. Ancaq bəzən sürücülərlə piyadaların cərimələrini bərabərləşdirmək kimi fikirlər də səslənir. Görəsən bu fikirdə olanlar haqlıdırlarmı, ümumiyyətlə, piyadanın və nəqliyyat vasitəsinin doğurduğu təhlükələri eyniləşdirmək nə qədər doğrudur?
Moderator.az-ın bununla bağlı suallarını “Konstitusiya”x9d Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev cavablandırıb.
- Piyada ilə sürücünün məsuliyyətinin eyniləşdirilməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, bu, ilk növbədə ədalət prinsiplərinə ziddir. Eyni zamanda düşünmək lazımdır ki, maşın yüksək təhlükə mənbəyidir, amma piyadanın hər hansı yol hərəkəti qaydasını pozması isə yüksək təhlükə mənbəyi deyil. Bunların təhlükəsizlik dərəcələri vardır, eyni zamanda bunların yol hərəkəti qaydalarını pozmalarının nəticələri də fəqrlidir. Ona görə də sürücü ilə piyadanın cəriməsinin eyniləşdirilməsinin tərəfdarı deyiləm. Amma əlbəttə ki, piyadanın da məsuliyyəti artırılmalıdır. Məsuliyyət üçün nəzərdə tutulan sanksiyaların artırılmasına da normal baxıram, ancaq burada da ağılabatan hədlər olmalıdır. Sanskiyaların müəyyən edilməsində ilk öncə ölkədəki iqtisadi vəziyyət nəzərə alınmalıdır. Həmçinin, baş verən pozuntunun nəticələri, ağırlıq dərəcələri nəzərə alınmalıdır. Ümumiyyətlə bu məsələyə differensial yanaşma olmalıdır. Piyada və sürücünün məsuliyyətinə eyni sanksiyanın tətbiq edilməsi yanlış yanaşmadır və heç bir halda da buna haqq qazandırmaq qeyri-mümkündür. Amma piyadanın da məsuliyyəti müəyyən qədər artırılmalıdır.
Bəzən biz elə hallarla qarşılaşırıq ki, sanksiyadakı cərimənin yetərli olmamasını nəzərə alan piyada bilərəkdən yol hərəkəti qaydasını pozur və hal da böyük təhlükə yarada bilir. Məsələn, sürücw hərəkət etdiyi halda piyada qırmızı işıqda yolu keçir və bu çox ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda düşünürəm ki, bu məsələdə qanun da düzgün tətbiq olunmayıb. Bizim məhkəmələr, eyni zamanda istintaq orqanları tərəfindən belə bir fikir var ki, əgər yol nəqliyyat hadisəsi nəticəsində ölüm faktı varsa bütün hallarda sürücü məsuliyyətə cəlb edilməlidir. Əlbəttə ki, bu, absurd fikirdir, əgər sürücünün bu məsələdə təqsiri yoxdursa, o zəruri olan bütün yol hərəkət qaydalarına əməl edibsə, amma piyadanın günahı ucbatından yol nəqliyyat hadisəsi baş veribsə və ölümlə nəticələnibsə buna görə sürücü məsuliyyətə cəlb edilməməlidir. Amma bizdə məhkəmələr qərar qəbul edir ki, ölüm hadisəsi varsa bütün hallarda sürücü günahkardır. Belə olmaz axı, biz dəfələrlə şahidi oluruq ki, yüksək sürət həddi müəyyən edilmiş yollarda piyadalar piyada keçidlərindən istifadə etmədən yolu keçirlər. Heydər Əliyev prospektində, dəfələrlə bu kimi halların şəxsən şahidi olmuşam. Bu hallar istintaq orqanları tərəfindən diqqətlə araşdırılmalıdır, sürücünün günahı yoxdursa nəyə görə onu cinayət məsuliyyətinə cəlb etmək lazımdır, bax, bunu başa düşə bilmirəm. Yol qəza hadisəsində qanunun doğru-düzgün tətbiqetməsi olarsa piyadalar da yol hərəkəti qaydalarına diqqətlə əməl edəcəklər, əmin olacaqlar ki, bütün hallarda onlar haqlı deyillər. Hesab edirəm ki, bu məsələlərə diqqət artırılmalıdır.
- İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklər edildi. Bu dəyişiklikləri yetərli hesab edirsinizmi? Başqa hansı sahələrdə yeni sanksiyalar tətbiq edilməsini təklif edirsiniz?
- İnzibati Xətalar Məcəlləsində yeni dəyişikliklər edilib, artıq birinci oxunuşda qəbul da olunub. Məcəllədə çox sayda vacib məsələlər vardır, əlbəttə ki, ictimai münasibətlər dəyişdikcə bu ictimai münasibətləri tənzimləyən normalar da dəyişməlidir. İnzibati Xətalar Məcəlləsinə də yeni tədbirlər daxil edilib, eyni zamanda sanksiyalarla bağlı məsələlərə baxılıb. Ən vacib olan məsələlərdən biri odur ki, korrupsiya hallarına yol verməmək üçün, korrupsiya risklərini azaltmaq üçün İnzibati Xətalar Məcəlləsində yeni məcəllənin həm də bu baxımdan diqqətlə təhlilinə ehtiyac vardır. Gələcəkdə korrupsiya faktı yarada biləcək normalar aradan qaldırılmalıdır. Cərimələrin məbləğində daha sabit və mütləq rəqəmlər olarsa, gələcəkdə korrupsiya sövdələşmələrinin qarşısını almaq bir o qədər mümkün olacaqdır. Digər tərəfdən hüquqi şəxslərə də diqqət yetirilməlidir, hüquqi şəxslərin məsuliyyət məsələsində fərqli, differensial yanaşma olmamalıdır. Hər şeydən əvvəl hüquqi şəxsin fəaliyyət sahələrinə, gəlirlərinə uyğun differensial yanaşma tətbiq edilməlidir, nəinki formal bərabərlik qoymaq. Güman edirəm ki, yeni məcəllədə bütün bu hallar da nəzərə alınacaqdır.
- Son devalvasiyadan sonra İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə cərimələrin artırılmasının dövlət büdcəsinə nə kimi təsiri ola bilər?
- Dünya praktikasında belədir ki, dövlət büdcəsinin gəlirləri əsasən vergilər hesabına formalaşmalıdır. Baş vermiş pozuntunun nəticələrinə, ictimai təhlükəsizlik dərəcələrinə nəzər yetirmək lazımdır, bu zaman sanksiyanın hədlərində fərqlər ola bilər. Amma sanksiyaların, cərimələrin miqdarının artırılmasının dövlət büdcəsinə hansısa bir formada təsiri ola bilməz. Bu məcəlləni hazırlayan, təqdim edən şəxslər də yetərincə peşəkar insanlardır və onlar da düşünmürlər ki, dövlət büdcəsini cərimələrlə artırmaq olar. Biz dövlət büdcəsinin gəlirlərinin artırılması ilə əlaqədar ilk öncə iqtisadi rəqabətin yaradılmasına imkan yaradan şəraitlərin, islahatların daha da dərinləşməsinə yönəlik fəaliyyətlərə diqqət yetirməliyik. Necə ki, Azərbaycan Respublikasının prezidenti tərəfindən qəbul edilən son fərmanlar, sərəncamlar, eyni zamanda qanunlarda bu xətt aydın şəkildə görünməkdədir. Azərbaycanda islahatların yeni dalğası başlayır və daha çox vergi ödəyicilərinin miqyasının genişlənməsi hesabına dövlət büdcəsinin gəlirləri artırlacaq, nəinki rüsumların. Rüsumların bütövlükdə götürdükdə dövlət büdcəsində 0.5 faiz ola bilər.
- Cərimələrin miqdarının artırılmasının mənfi nəticələri ola bilərmi?
- Sanksiyaların, cərimələrin miqdarı nə qədər çoxalarsa korrupsiya hallarının miqyası da bi o qədər genişlənə bilər. Çünki korrupsiya, sövdələşmələrə getmək imkanları burada böyüyə bilər. O səbəbdən bu da diqqət yetirilməli haldır.
Rumiyyə
































































































