Əli Əliyevdən ölkə başçısına özünəməxsus ad günü təbriki

Hazırda oxunan: Əli Əliyevdən ölkə başçısına özünəməxsus ad günü təbriki

112949

VİP sədri Əli Əliyev Moderator.az-a açıqlamasında prezident İlham Əliyevi ad günü münasibəti ilə özünəməxsus formada təbrik edib. Partiya sədrinin müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“ABŞ-ın Helsinki Komitəsinin Konqresə təqdim etdiyi qanun layihəsinə hörmətli Əli Həsənovun cavabını oxuduqda, düzü bir qədər duruxdum. Əvvəla, cənab Həsənovun intellektinə bələd olduğumdan, dünyanın 1 saylı dövlətinə barmaq silkələnməsindən təəccübləndim. İkincisi isə, hakimiyyətin alternativ versiyalarını dənəməyə çalışdım.

Durumumuz həqiqətən acınacaqlıdır. Çətinliyimiz təkcə, korrupsiya və kriminal girdabında çabalayan məmurlarımızda, primitiv iqtisadi düzənimizdə, uyğunsuz beynəlxalq şərtlərdə və ya düşmənlərimizin məkrində deyil. Görünür, yaranmaqda olan gərginliyin təsiri altında sağlam məntiq və analiz imkanlarımızı da itirməyə başlayırıq. Dünən parlamentdə meydana çıxmış anti-Amerika qanun layihəsinin dərcindən sonra anladım ki, prezident köməkçisinin verdiyi bəyanat priventiv, daxili auditoriyaya hesablanmış demarş deyil, artıq ciddiləşə biləcək siyasi xətdir. Bir anlığa əl saxlayın, cənablar! Yaranmış vəziyyət tək sizlərin taleyi ilə bağlı deyil, hamımızın, Dövlətimizin müqəddəratını müəyyən edən situasiyadır. Bəlkə, sizə göstərilən "sarı kartdan" düzgün nəticə çıxarasınız, tərslik deyil, müdriklik nümayiş etdirəsiniz. ABŞ-la Azərbaycanın heç bir müstəvidə gücü sınana bilməz. Rəqabət, dirəniş nisbətən bərabər güclər arasında aparılmalıdır. Bu yaxınlarda Rusiyanın Qərbə dirənişini tənqid edən Yavlinski, çox sadə rəqəmlərlə bunun gülünc olduğunu ifadə edib. Dünyada ümumi əmtəə istehsalının cəmi 1%-i Rusiyanın payına düşdüyü halda, ABŞ və AB müvafiq olaraq bu göstəricidə 22 və 21% paya malikdirlər. Müasir dünyada münaqişələrin, məhz iqtisadi potensiala istinadını nəzərə alsaq, Azərbaycanın bu nəhəng güclər arasında qarşıdurmaya "soxulması" yanlış və öldürücü ola bilər. Dünyada bu qədər net şəkildə ABŞ-la qarşıdurmanın acı nəticələrini yaşamış dövlət, siyasi komanda və liderlərin aqibətini görə-görə, belə müşkülə baş vurmaq ya ağılsızlıq, ya da məkrlilikdir. Buna qayıdacağam. Yalnız 21-ci əsrdə baş verənlərə baxaq: İraq-Dirənən Səddam Hüseyni devirdilər, Bayram günündə edam etdilər. Dövlət faktiki dağılıb, əhali didərgin, 1 milyondan çox insan tələf olub, ölkə hərbi poliqondur. Misir-Mübarəki devirdilər, həbs etdilər. "Müsəlman qardaşları"nı gətirib yola saldılar, rəhbərini ölümə məhkum etdilər. Hakimiyyəti hərbi xuntaya təslim etdilər. Mübarəki azad etdilər. Liviya-Qəzzafi gücü nəzərə əlmadıqda, alçaldıcı şəkildə məhv edildi, ölkə faktiki 2-yə bölünüb, insanlar didərgin şəkildə ömür sürür. Yəmən-Saleh hakimiyyətdən kənarlaşdırıldı. Ölkə vətəndaş müharibəsi şəraitində yaşayır. İran və Səudiyyə Ərəbistanı güclərini burada sınaq edirlər. Tunis-Bin Əli ABŞ-la konfliktdə olmasa da, 2-ci Yasəmən inqlabı baş verdi, ölkə 5 il hərbi şəraitdə yaşadı. Bin Əli isə özünü "yaxşı apardığına" görə Səudiyyə mühacirəti ilə mükafatlandırıldı. Bizə ən çox bənzəyəni isə Suriyadır. Detallara varmadan demək istəyirəm ki, küt dirənişin aqibəti Azərbaycanı Suriyaya çevirə bilər. Suriya faktiki dövlət suverenliyini itirib. Dünyada silahını sınaqdan keçirmək istənilən dövlət, ideoloji qruplaşma Suriyaya gedir. 600 mindən çox insan həlak olub, ölkənin 8 milyona qədər qaçqını var. İnfrastruktur darmadağın edilib. Bütün tarixi incilər məhvdir. Suriya xalqı sarsaq Əsədin şıltaqlığının və hakimiyyət hərisliyinin girovundadır. İnanmıram ki, bu qədər aydın nümunələrdən sonra, hakimiyyətimizin biliciləri imkanları müqayisə edə bilməsinlər.

Əvvəldə qayıdacağım məqama diqqət yönəltmək istəyirəm. Bir halda ki, qərar qəbul edənlərin müqayisə potensialını etiraf edirəm, onda nədən belə edildiyini başa düşməyə çalışaraq ehtimallara nəzər salaq: -hakimiyyətdə kimlərsə, ola bilər də əksəriyyət, ABŞ-la süni qarşıdurma yaradaraq, Azərbaycanın Rusiyaya təslim edilməsi kimi naqis planı həyata keçirməyə çalışır; -illər boyu etdikləri oğurluqarı ört-basdırın yolunu ölkənin münaqişəyə cəlb edilməsində, ölkənin dağıdılmasında görürlər; -hakimiyyətdə şəxsi təsirlərini saxlamaq üçün Azərbaycanın sivil dünyadan məsafədə saxlanmasını tərcih edirlər; -istisna etmirəm ki, hay qohumluğu olanlar Dövləti dünya ilə münaqişəyə sürükləməklə torpaqların "dayı"larında qalmalarına zəmin yaradırlar. Ən yaxın himayədarımız Türkiyənin dünya, konkret ABŞ və AB ilə yaxınlaşma, İsraillə barış fazasına daxil olduğu anda, bu uzaqlaşmanın Azərbaycana nə vəd etdiyini düşünürlərmi? Bakı-Ceyhanın bağlanması, TANAP-ın təxirə salınması, Bakı-Tiflis-Qarsın ləngiməsinin bizim üçün nə olduğunu anlayırıqmı? Sonda. Hörmətli, cənab Prezident! Ad gününüz münasibətilə Sizi təbrik edirəm. Yəqin ki, növbəti iliniz Sizin üçün ən çətin siyasi il olacaq. Arzu edirəm ki, çətinlik siyasi həyatınızla məhdudlaşsın. Yazdıqlarımın baş tutmaması üçün 16-cı ildə Sizə Alahdan qətiyyət və müdriklik diləyirəm. Azərbaycanın əsarətə düşməməsi və ya Suriyaya çevrilməməsi daha çox Sizin addımlarınızdan asılıdır. Bu işdə hamımıza uğur arzulayıram”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin