O məşum hadisə, dolların bahalaşması bütün ölkəni silkələdi. Sosial şəbəkələrdə bunu hiss etmək mümkündür. İnsanlar təlaşını açıq-aşkar biruzə verir. Dünənki narahat gündən sonra, bu gün rayonumuzu gəzib kiçik bir araşdırma apardım. Belə qəfil və xoşagəlməz hadisələr baş verəndə insanların reaksiyası mənə çox maraqlı gəlir. Bu sakit, kasıb və balaca rayonda bu gün hamını narahat, nigaran, əndişəli gördüm. Çayxanalarda, bazarda, dükanlarda, avtovağzalda bir sözlə hər yerdə eyni sözü təkrarlayırdılar: Dollar, dollar, dollar...
Devalvasiya özüylə qorxu, nigarançılıq, narahatlıq gətirib. Dünəndən paytaxta bəzi mağazaların qiymətləri artırmasını, insanların marketlərə axın etdiyini bilirdim. Hamı bu barədə yazır, hamı devalivasiyanı müzakirə edir. Əsas narahatlıq isə siqaretin qiymətinin bahalaşması idi. Daha doğrusu, mənim daha çox diqqətimi çəkən siqaretin qiyməti ilə bağlı müzakirələr idi. xa0
Düzü rayonumuzda da eyni vəziyyətlə rastlaşacağımı gözləmirdim. Əfsus ki, elimin- obamın tacirləri burda da möhtəkirlik edir. Paytaxtdakı süni qiymət artımı burdan da yan keçməyib. Əksər marketlər siqaret satışını dayandırıb, bəzi məhsulların qiymətini qaldırıb, ya da vitrinləri boşaldıb. Böyük ehtimalla daha çox qazanmaq üçün qiymətlərin rəsmən bahalaşmasını gözləyirlər. Bu da yəqin ticarətin yazılmamış qanunlarındandır.xa0
Alverçi zehniyyətində ilişib qalanlar vəziyyətdən istifadə edib, 5-10 manat artıq qazanmaq istəyir. Heç kəsə daha çox qazanmağı qadağan etmək olmaz, amma belə vəziyyətdə dövlət də nəzarəti gücləndirməlidir. Dünənə qədər dükan vitrinlərinin yarısını siqaretlə bəzəyənlər, bu gün siqaret satışını tamamən dayandırıb. Məhsullara istədiyi qiyməti qoyanlar isə, başqa pəstəhadır. Qısacası, rayonumuz paytaxtdan geri qalmır.xa0
Əminəm ki, qəsəbə və kəndlərimizdə də vəziyyət oxşardır.Sözün açığı baş verənləri anlamaqda çətinlik çəkirəm. Hesab-kitabdan çox zəifəm. Üstəlik, həmişə kasıb yaşadığım üçün, baş verənləri anlamaqda acizəm.Görüşdüyüm dost-tanışla söhbətimiz dollar və siqaretdən o yana keçmədi. Təsəvvür edin ki, əvvəl çayxanada oturan kimi siqaret qutusunu çıxarıb masanın üstünə atan ceyillər, indi ya siqaret qutusunu gizlədir, siqareti də əvvəlki kimi dalbadal yox, ehtiyatla çəkir.xa0
Dollar və siqaret canımıza yaman vicvicə salıb. Şəxsən mənim çəkdiyim markadan rayonumuzda yeganə qiymətlərə “barmaq eləməyən”x9d, siqaret satışını dayandırmayan marketdə cəmi dörd qutu qalmışdı, dördünü də aldım. Həm də qorxuyla, nigaranlıqla aldım o siqaretləri. Sonra nə olacaq? Bu sualın cavabını isə, heç kəs bilmir...
Siqaret nə qədər ziyanlı olsa da, gündəlik tələbat mallarından biridir, çəkənlərin sayı da kifayət qədər çoxdur. İndi kimsə qalxıb ağıllı-ağıllı “atın o zəhirmarı”x9d desə də, vəziyyət siqareti atmaqla düzələnə oxşamır.xa0
Onu deyirdim axı, gündəmin əsas mövzusu dollar və siqaretdir. Dollar və siqaret! Çətin məsələdir.xa0
Devalivasiya biz kasıblar üçün cəhənnəm əzabıdır. O gün feysbukda yazmışdım ki;xa0
“Yemək-içməyi, siqaret çəkməyi, evə bazarlıq etməyi, qızıma pampers almağı, oğlumu məktəbə göndərməyi tərgitsəm birtəhər dolanmaq olar...”x9d
Həqiqətən, siz bilərsiniz, necə olacaq bu işlərin axırı?
Gedim axşam normasından bir siqaret yandırım. Məlum, bu qədər dərd-tasanı qovmağa siqaret tüstüsündən yaxşı vasitə yoxdur.































































































