AST şirkətlər qrupunun prezidenti Telman İsmayılovun müflis olmasından sonra Türkiyədə yaşayan Azərbaycan əsilli milyonçu, tanınmış iş adamı Mübariz Mənsimovun da “sərvətinin əriməsi”x9d ilə bağlı xəbərlər yayılmaqdadır.
Dünya miqyasında tanınan azərbaycanlı iş adamlarının müflis olmasının ölkə iqtisadiyyatı və əhalisi üçün hansı təsirləri olacaq?
Məsələ ilə bağlı musavat.com-a iqtisadçı ekspert Rəşad Həsənov danışıb. O bildirib ki, azərbaycanlı milyarderlərin müflis olması ölkədə müəyyən mənada hiss olunacaq:
“AST Telmandan söhbət gedirsə, onun Rusiyada bazarları var idi. Onun şirkətlərində bir çox azərbaycanlılar fəaliyyət göstərirdi və hansısa formada bu gəlirlərin müəyyən bir qismi də Azərbaycana istiqamətlənirdi. Onun “Çerkizovsk”x9d bazarının bağlanması Rusiyada yaşayan azərbaycanlıların sosial vəziyyətinə ciddi mənfi təsir göstərdi. Eyni zamanda Mübariz Mənsimov da biznes sferasında fəaliyyət göstərirdi. Onun Azərbaycanda da bir neçə şirkətləri var. Bu şirkətlər isə ölkədə ərzaq və xidmət sektorunda müəyyən işlər görürdülər. Əgər Mübariz Mənsimov sonrakı dövrlərdə iflas olarsa,ilk növbədə bu hal,Azərbaycanda bəhs etdiyimiz şirkətlərin bağlanmasına səbəb olacaq. Çünki Mənsimovun açıqlamalarına görə, Azərbaycandakı şirkətləri dotasiya ilə fəaliyyət göstərir. Yəni Mənsimov bu şirkətləri ayaqda saxlamaq üçün əlavə olaraq digər istiqamətlər üzrə gəlirlərini bura yönəldirir. Onun da biznesi iflas olarsa, bu imkan da aradan qalxacaq. Azərbaycandakı şirkətlərin fəaliyyətlərini dayandırması isə burada çalışanların işsiz qalması ilə nəticələnəcək. Mənsimov, səhv etmirəmsə, Azərbaycanda transport məsələlərində də aktiv fəaliyyət göstərirdi. Nəticə olaraq belə görünür ki, Mübariz Mənsimovun Azərbaycana dəstəyi, AST Telmanla müqayisədə daha yüksək idi. Hər iki milyarderin müflis olmağı isə qeyd etdiyim kimi problemlərə səbəb olacaq”x9d.
Ekspert bildirib ki, Rusiyada olan azərbaycanlı milyarderlərin bir çoxunun gəlirləri neft sektorundan qaynaqlanırdı:
“Neft sektorundakı zəiflik problemlərə səbəb olacaq. Azərbaycanlı milyarderlərin daha çox məskunlaşdığı ölkə Rusiyadır. Rusiyada olan milyarderlərin isə bir çoxunun gəlirlərinin əsası neft sektorundan qaynaqlanırdı. O cümlədən də Rusiyada müəyyən “oyun”x9d qaydalarının dəyişməsi milyarderlərin bilərəkdən müflisləşdirilməsinə səbəb ola bilər. Orada qrup mübarizələri də gedir. Müşahidə edirik ki, misal üçün AST Telmanın müflisləşdirilməsi istiqamətində Rusiya hökuməti ciddi işlər gördü. Bu, digər azərbaycanlı milyarderlərə də tətbiq olunarsa, neftin hazırkı satışının zəifləməsi nəticəsində bu adamların mövqeyi büdrəyər. Bu hal, həm də miqrantların ölkəyə geri dönüşünə şərait yaradarsa, digər tərəfdən də müdafiəsiz qalan azərbaycanlıların Rusiyada gəlirlərinin azalmasına da səbəb olar. Zənvcirvari olaraq bu, miqrantların ölkəyə göndərdikləri vəsaitlərin də həcminə mənfi təsir göstərər. Hələ ki, çox qlobal təsirlərdən söhbət getməsə də, növbəti dövrlərdə qeyd etdiyimiz müflisləşdirmə və ya müflis olma prosesi davam edərsə, Azərbaycan üçün gözlə görülə biləcək iqtisadi fəsadlar ortaya çıxacaq”x9d.
Ekspert onların müflis olma səbəblərini bu cür açıqlayıb:
“Onların müflis olmasında müxtəlif amillər var. Xüsusilə də Rusiyada idarəetmə sisteminə diqqət etsək görərik ki, orada əsas problemlərdən biri, liberal bazarın olmamasıdır. Bir çox hallarda burada formalaşan milyarderlərimiz hansısa hakimiyyət qurumlarına yaxınlığı ilə bu məqamlara gəlib çatıblar. Bəzi hallarda isə liberal bazarın normal iqtisadi münasibətlərinin və mülkiyyət hüququnun təmin olunmadığı ölkələrdə, hakimiyyətin yuxarı dairələri ilə münasibətlərdə hansısa problemlərin ortaya çıxması, biznesmenin iflasına səbəb olan əsas amilə çevrilir. AST Telman timsalında biz bunu müşahidə edə bilərik. Düşünürəm ki, bəzi hallarda onun prosesləri idarəetmə gücü var idi. Lakin buna şərait yaradılmadır. İstisna deyil ki, növbəti dövrlərdə bu, Rusiyada yaşayan digər azərbaycanlı milyarderlərə də həvalə olunmasın”x9d.
Məsələ ilə bağlı iqtisadi ekspert Natiq Cəfərlinin isə mövqeyi fərqli olub. O, musavat.com-a açıqlamasında bildirib:
“Həmin azərbaycanlıların böyük əksəriyyəti 90-cı illərdə Rusiyada qeyri-qanuni pul qazananlardır. Onlar rəqabətli mühitdə, normal bazar qaydalarına uyğun olan şəraitdə işləməyi öyrənməyiblər, bunu bacarmırlar. Baş verənlər də, əsasən, onların yeni şəraitə uyğun işlərini qura bilmədiklərinin nəticəsidir. Bunun Azərbaycana təsirlərinə gəldikdə isə, yeganə təsiri onların burada olan daşınmaz əmlaklarının satışa çıxarılması, əldə edilən vəsaitin ölkədən dollar şəklində çıxmasında olacaq”x9d.





































































































