MTN rəhbərliyi ilə bağlı baş verən proseslər, ölkənin ən nüfuzlu nazirliklərdən birinin rəhbər heyətinin ciddi qanun pozuntusunda ittiham edilməsi bütün ölkədə əsl şok effekti yaradıb. Ard-arda yayılan məlumatlar tükürpədicidir. Belə məlumatlardan biri də Moderator.az -a daxil olub.
Redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun dövründə (2004 ”“ 2015-ci illər), nazirliyin “kassir”x9di kimi tanınan Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tərəfindən bütün alver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilir və şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilirdi.
Belə ki, ilk dəfə işə qəbul edilən, birbaşa nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70.000 (yetmiş min) dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50.000 (əlli min) dollar rüşvət tələb edilirdi. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150.000 (yüz əlli min) dollar, dinləyici kimi qəbula isə 30.000 (otuz min) dollar rüşvət tələb edilirdi.
Bütün rüşvətlər Tehran Babatov tərəfindən şəxsən alınır, rüşvət məbləğinin durmadan yüksəlməsinə də elə onun özü nəzarət edirdi.
Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40.000 (qırx min) dollar, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15.000 (on beş min) dollar rüşvət tələb edilirdi.
Göstərilənlərlə yanaşı, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500.000 (beş yüz min) dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200.000 ”“ 500.000 (iki yüz min ”“ beş yüz min) dollar civarında (həmin rayonun varlı və ya kasıb olması baxımından) rüşvət tələb edilirdi.
Əldə edilən rüşvətin 10 faizi şəxsən Tehran Babatovun özünə, 30 faizi Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevə, 60 faizi isə nazir Eldar Mahmudova çatırdı.
Tehran Babatov, əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləmiş, yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğa görə işdən azad edilmiş, lakin 2004-cü ildə MTN-ə Eldar Mahmudov tərəfindən gətirilərək Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilmişdi.
Bu səbəbdən, 2005-ci ildən bu yana olan bütün kadr təyinatlarında varlı ailələrin övladlarının MTN-ə kütləvi axını başlamış, nəticədə savadsız və bacarıqsız işçilər ordusu yaranmışdır. Həmin kadrlar tərəfindən mütəmadi olaraq qanun pozuntularına, özbaşınılığa və səriştəsizliyə yol verilmiş, ölkə rəhbərliyindən həmin faktlar gizlədilmişdir.




























































































