Pərvizin körpə balasını gözü yaşlı qoyanlar oxşar aqibətdə...

Hazırda oxunan: Pərvizin körpə balasını gözü yaşlı qoyanlar oxşar aqibətdə...

101805
2013-cü ildə MTN generallarının qondarma ittihamlarıyla həbs olunaraq 8 il azadlıqdan məhrum edilən tanınmış jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimov Moderator.az - a müraciət edərək hələ iki il öncə onun Eldar Mahmudova (09 oktyabr 2013-cü ildə etdiyi müraciətin (moderator.az/news/35038.html) və 12 dekabr 2013-cü ildə (moderator.az/news/38482.html) keçirdiyi mətbuat konfransında səsləndirdiyi ittihamların mətnini təkrarən saytda yayımlanmasını xahiş edib. 

K. Həşimov həmin müraciətdə milli təhlükəsizlik naziri Eldar Mahmudovu ittiham edir ki, rəhbərlik etdiyiniz qurum Azərbaycan dövlətini xaricdən və daxildən gələ biləcək çeşidli təhlükələrdən qorumağa borclu olsa da siz insanları günahsız yerə şərləyərək həbs edirsiniz, onlara qarşı ağılasığımaz ittihamlar irəli sürürsünüz. Oğlunun terrorçu deyil, sadəcə jurnalist olduğunu və iddia edildiyinin əksinə olaraq ömründə heç vaxt İranda olmadığını vurğulayan K. Həşimov bu allahsızlığın cavabsız qalmayacağı xəbərdarlığını da edir: 

"Antiterror Mərkəzinin rəisi Elçin Quliyev istintaqa müdaxilə edir. Hər gün Pərvizin başına qara torba keçirib aparırlar Elçin Quliyevin hüzuruna. O da deyir ki, bizim dediklərimizi eləməlisən. Pərvizi döyürlər, psixoloji təzyiq edirlər. Amma mən demişəm, oğlum heç kimə böhtan atası deyil. Elçin Quliyev qanunları pozur. Pərviz girov saxlanılır". 

Dəyərli oxucular, artıq Pərviz Həşimlinin kimlərin sifarişi və hansı məkrli niyyətlər güdülməsi əsasında həbs edildiyi hüquqşünaslara və jurnalistlərə deyil, dağda quzu otaran çobanlara da gün kimi aydın oldu. Pərvizin atası Kamran kişinin və körpə balası Zeynəbin ahı yerdə qalmadı və bir zamanlar jurnalistin başına torba keçirənlər indi özləri eyni aqibəti yaşayırlar və bütün irəlidəki həyatlarının dəmir barmaqlıqlar arxasında keçirəcəklərinə kimsə şübhə etmir. İlahi ədalətin zəfər çalması üçün 2 il gözləmək lazım gəldi və tam əminliklə qeyd edə bilərik ki, Pərviz kimi şərlənib həbs edilənlər, var - yoxu talananlar, insult keçirib dünyadan köçənlər, baş götürüb ölkədən qaçanlar yüzlərlə deyil, minlərlədir. 

Yeri gəlmişkən, vaxtilə məhkəmədə "mən osminoqun yalnız bir quyruğam" deyəndə hamı qanqster Hacı Məmmədovun sözlərini qəribçiliyə salırdı. İndi 7 yüksək çinli MTN zabitinin qandallanmasından sonra onun dediklərinin doğru olduğu ortada. Sən demə, Hacı Məmmədovun cinayətlərini kölgədə qoyan cinayətlər silsiləsi törədilibmiş. Amma nahaq qan yerdə qalmamalıydı və qalmadı da. İndi qaniçənlərin qan qusacağı dönəm gəldi...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin