Bakı növbəti dəfə “Formula 1”ə uğurla ev sahibliyi etdi - FOTO

Hazırda oxunan: Bakı növbəti dəfə “Formula 1”ə uğurla ev sahibliyi etdi - FOTO

211594

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Qran-Prinin açılış mərasimi baş tutub.
 

MÖVZU İLƏ BAĞLI:

“Formula 1” Azərbaycan Qran-Prisi başa çatdı: Oskar Piastri birinci oldu - FOTO


Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Dövlət Himnini Avroviziya-2022-də Azərbaycanı təmsil edən Nadir Rüstəmli səsləndirib.

Mərasimdə himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. “Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.

Açılışdan sonra Formula 1 Azərbaycan Qran-Prisi-2024 start götürüb.

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Sürücülər qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurublar.

Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda “McLaren”in avstraliyalı pilotu Oskar Piastri Qran-Prinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) üçüncü sırada qərarlaşıb.

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə Böyük Britaniya və Avstraliya Dövlət Himnləri səsləndirilib.

Mükafatları pilotlara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və “Qatar Airways”in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez təqdim ediblər.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 13-də start verilib. İlk gündə keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.

Ayın 14-də təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.

Builki dünya çempionatına fevralın 29-dən martın 2-dək Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya və Yaponiya, Çin, ABŞ, İtaliya (İmola), Monako, Kanada, İspaniya, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, Niderland və İtaliyada (Monza) təşkil olunub. Yarışlara dekabrın 6-8-də Əbu-Dabidə yekun vurulacaq.

Beləliklə, 16 Qran-Pridən sonra pilotların siyahısında “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 313 xalla liderdir. “McLaren”də çıxış edən Lando Norris 254 xalla ikinci yeri tutub. İlk “beşliy”i isə 235 xalla Şarl Lekler (“Ferrari”), 222 xalla Oskar Piastri (“McLaren”), 184 xalla Karlos Sayns (“Ferrari”) tamamlayıblar.

Konstruktorlar kubokuna isə 476 xalla “McLaren” komandası başçılıq edir. “Red Bull” 456 xalla ikinci, “Ferrari” 425 xalla üçüncü pillədə yer alıblar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Sentyabrın 13-də Formula 2 üzrə sərbəst yürüş və sıralanma yarışı təşkil olunub. Birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatıb. Ertəsi gün isə sprint yarışı baş tutub. Ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərib.

Bu gün keçirilən əsas yarışda isə R.Versxor Formula 2 Azərbaycan Qran-Prisinin qalibi olub.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin