Türkiyədə baş verən zəlzələnin törətdiyi fəlakətdən insanlıq duyğusu olan hər kəs əzab çəkir.Görünən səhnələrdən isə bu “insanlıq” facəsinin təsiredici hissləri uzun müddət insanı tərk etmir.Bir təskinlik odur ki, Türkiyə yalnız deyil və bütün dünya dövlətləri onun yanındadır.Bir də təskinlik verən Türkiyə dövlətinin vətəndaşına sayğılı yanaşması, türk vətəndaşlarının isə bir güc halında birləşərək fəlakət bölgələrinə axışması, axtarış aparması,sağ qalanlara dəstək olmasıdır.
Türkiyəmiz üçün bu ağır zamanlarda Azərbaycan xalqı da toparlanıb hər köməyini göstərməkdədir.Və bu sadəcə bir “kampaniyaçılıq” deyil, qardaşın qardaşa həqiqi bağlılığıdır.Bu bağlılıq hissləri isə uzun əsrlərin sınağından çıxmışdır.
Tarix boyunca ən ağır zamanlarımızda Türkiyəni hər zaman yanımızda gördük.Elə məqamlar da oldu ki, Türkiyə Azərbaycanın xilaskarına çevrildi.1918-ci ildə Azərbaycan Cümhuriyyətini yaratdığımız çətin dönəmlərdə, Bakının Qurtuluşunda, ilk demokrtaik dövlətimizi qurduğumuz dövrdə, sonradan Qarabağın işğaldan azad edilməsində yenə Türkiyə yanımızda oldu..Və çox tarixi məqamları da açıqlamaq mümkün.
Son 100-200 ilin hüdudlarında biz ayrı-ayrı rejimlərdə yaşamışıq.Türkiyə insanı Osmanlı dönəmində( yeddi əsrə qədər) və Atatürk zamanında və s.
Azərbaycan isə 100 ilə yaxın çar Rusiyası rejimində (1813-cü il Gülüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi), 70 ilə qədər də sovet dövründə.Əslində biri-birinə əks olan və rəqabətli,hətta düşmənçilik həddində olan(əsasən çar Rusiyası və sovet ideologiyası) bu yaşayışlar və mövcudluqlar bizim qardaşlıq sevgimizi söndürə bilmədi.Sovet rejimi dağıldıqdan sonra qardaşlıq qapıları açıldı və o bu gün də davam etməkdədir.
1912-ci ilin Balkan savaşlarında, 1914-1918-ci ilin Birinci Dünya savaışnda Azərbaycan insanları Türkiyənin yanında oldu.Təqiblər, həbslər bu dəstəyin qarşısını ala bilmədi.
1915-ci illərdən Nargin adasında saxlanılan türkiyəli əsirlərin oradan qaçırılmasında, azadlığa çıxarılmasında bütün imkanlı insanlarımız hərəkətə keçdi və indi öyrənirik ki, tanınmış milyonçu H.Z.Tağıyev də bu işdə böyük dəstək olmuşdu.Öyrənirik ki, fəal ictima xanımlarımızdan Sona xanım Hacıyeva və digərləri bu əməliyyatlarda necə fəallıqlar göstəriblər.
Tarixin qısa zaman kəsiyində həmin o əsirlikdən azad edilən türklər Nuru Paşanın komandanlığı altında Azərbaycanımızın xilaskarına çevrildilər.Yüzlərlə Türk əsgəri Bakının azad edilməsində canını şəhid etdi.Böyük İstiqlal şairimiz Əhməd Cavad bu qəhrəman türk şəhidlərinin məzarlarına təsirli misralar söylədi:
Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar gəlinlər.
Ey karvan keçidi yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.
1911-ci ildə 10-na qədər Azərbaycan jurnalistini çar Rusiyası jandarmı həbs etdi ki, “Siz Türkiyə mövqeli” yazılar yazırsınız.Əliabbas Müznib, Haşım bəy Vəzirov və digərləri həbs edilən “Türkiyə mövqeli” ilk jurnalistlərimizdir.
Sovetlər dönəmində də Hüseyn Cavid, Əhməd Cavad və yüzlərlə ziyalımızı “Türkiyə mövqeli” deyib ya həbs etdilər, ya güllələdilər.
Bu təqib və sıxıntılar bir istəyi sındıra bilmədi: Türkiyənin Azərbaycan sevgisini, Azərbaycanın Türkiyə sevgisini.
Dünən ailəlikcə “Ziraat” Bankına gedib Türkiyədə zərər çəkənlərə yardım kampaniyasına qoşulduq.Bankda çoxlu yardım edən insanları gördüm.Bir vətəndaşımız isə diqqətimi daha çox cəlb etdi. Hiss olunurdu ki, hardasa fəhlə,yaxud usta olaraq ağır işdə çalıan bu insan işdən qaçaraq yardıma gəlmişdi.Bank işçisi ondan “nə qədər vəsait köçürürsünüz?”-deyə soruşdu.Həmin şəxs əlini cibinə atıb “görüm bu gün qazancım nə qədər olub hamısını”.O cibində əzik-üzük pulları çıxarıb saymağa başladı.Və mən ona diqqətlə baxırdım.Sadə görünüşlü, geniş ürəkli, imkanı çox da böyük olmayan bu insan necə mərd və saf, Türkiyə sevgili bir insan idi.
Belə insanlarımızın isə bu gün Azərbaycanda sayı minlərlədir.


































































































