“Bir kasıba yardım edən kimi qaçıb onu televizorda elan etməzlər”
“Kinoittifaqdakı hadisələrdən xəbərim var, kim olursa-olsun, qanun qarşısında cavab verməlidir”
Əməkdar incəsənət xadimi, bəstəkar, Xəzər universitetinin professoru Cavanşir Quliyev Moderator.az-ın suallarını cavablandırıb.
- Cavanşir müəllim, mən bilirəm ki, siz qəlbən Türkiyəyə bağlı olan bir insansınız. İllərlə orada yaşayıb, fəaliyyət göstərmisiniz. Yəqin ki, Türkiyədə baş verən dəhşətli zəlzələ hamıdan çox elə sizi üzüb. Hər-hansı yardım kampaniyalarına qoşulmusunuzmu?

- Bu Türkiyənin başına gələn çox böyük bir faciədir. Adam heç bilmir ki, nə desin?! Təbiətin və Allahın işidir! Burada heç bir günahkar və səbəbkar axtarmağın mənası yoxdur! Sadəcə insan bir çox heyfslənir ki, uçan evləri bir az möhkəm, sağlam tikmək olmazdımı?! Çünki orada yıxılmayan evlər də var. İnsan belə günahsız canlara yanır! Yəqin ki, binaların qalıqlarını yığıb-yığışdırandan sonra dövlət bu işlə məşğul olacaq. Allah ölənlərə rəhmət, yaralılara isə can sağlığı versin! Yardım kampaniyalarında hər kəs əlindən gələnləri edir. Bu işləri afişa etməsinlər. Mən bunu afişa etməyi çox mənəviyyatsız bir iş hesab edirəm. Bir kasıba kömək edən insan qaçıb televizorda onu elan etməz! Əminəm ki, ətrafımdakı insanların bir çoxu bu yardımlara qoşulub. Geyim toplayan da var, pul köçürən də, qan verən də. Nə lazımdırsa insanlar əllərindən gələni edir! Mən də bəzi şeylər etmişəm.
- Dövlət televiziyasında əsərləriniz səslənirmi yoxsa hələ də bu qadağa aradan götürülməyib?
- Artıq 2 ildir ki, bu qadağalar aradan götürülüb. Əsərlərim nəinki televiziyalarda, bütün konsert salonlarında, habelə Azərbaycan Dövlət Filarmoniyasında da ifa olunur. Artıq mənə qadağa yoxdur! Sadəcə son zamanlar bütün televiziyalarda format dəyişikliyi var. Musiqi proqramları çox az nümayiş olunur. Aztv-nin bütün musiqi və mədəniyyət verilişləri Mədəniyyət tv-də cəmlənib. Müntəzəm olaraq məni orada bütün verilişlərə dəvət edirlər. Nəinki ora, bütün telekanallara dəvətlərim olur. Hətta bu günlərdə Sumqayıtda yayımlanan Dünya tv-də də qonaq olmuşam. Dostlarımla hərdən zarafatlar edirəm ki, vallah hansı kanalı açırsansa, oradan Cavanşir çıxır (gülür). Yox idim, indi daha da çoxalmışam (gülür).
- Bəstəkarlar İttifaqının fəaliyyətini necə dəyərləndirirsiniz? 2 ildən çoxdur ki, müharibə bitib, amma hələ də tutarlı bir əsərin, mahnının varlığından bixəbərik.

- Tək Bəstəkarlar İttifaqının deyil, ümumiyyətlə bütün yaradıcı ittifaqların statuslarını müzakirə etmək lazımdır. Bunu hər kəs müzakirə etməlidir, tək biz yox! Yaradıcı ittifaqların statusu Sovet İttifaqından qalmadır. O illərdə yaradıcılıq ittifaqlarının nüfuzu yüksək idi. Çünki yaradıcılıq ittifaqlarının bu və ya digər məsələlərə münasibəti qanun xarakteri kimi bir iş daşıyırdı. Əgər hansısa kanalı tənqid edirdilərsə, o kanalda iclaslar keçirməyə başlayırdılar ki, niyə bizi tənqid etdilər? Biz nəyi düz etmədik?! İndi bilinmir ki, yaradıcılıq ittifaqlarının statusu necədir?! Onların sözünü heç kəs dinləmir, tənqidini heç kəs qəbul etmir. Çünki tənqid edən adamın cəza vermək haqqı yoxdur. Bəstəkarlar İttifaqının vəzifəsi konsert qurmaq, müsabiqə keçirmək deyil. Onun nizamnaməsində yazılıb ki, Bəstəkarlar İttifaqı bəstəkar peşəsinin inkişafını təmin edən bir peşədir. Bunu da bildiyim qədər Bəstəkarlar İttifaqı edir. Bəstəkarlar İttifaqının statusuna baxmaq lazımdır. Mən onun statusunu daha da gücləndirərdim. Ən azından hansısa sahələrə müdaxilə gücü olaydı. O ki, qaldı əsərlərin yazılmasına... Bəstəkarlar İttifaqı əsər sifariş vermir, yazılan əsərlərin keyfiyyətinə məsləhət verə bilər. Say baxımından əsərlər yazılır. Amma niyə tutarlı bir əsər ortalığa çıxmır sualını verirsinizsə...? Yaradıcı insanlar bu işlərlə məşğuldur, bir çoxlarından xəbərim var. İndi xalqın xoşuna gələcək ya gəlməyəcək, bu gələcəyin işidir. Yaradıcı işi öncədən planlaşdırmaq olmur, bu zavod, fabrik deyil. Tutanda tutur, tutmayanda da tutmur. Amma kəmiyyət, say baxımından əsərlər var.
- Mədəniyyət sahəsində böyük bir boşluğun, xaosun yaranmasını yəqin ki, siz də müşahidə edirsiniz. Bu nə ilə əlaqədardır?
- Mədəniyyət Nazirlərinin ard-arda vəzifələrindən azad edilmələri heç də yaxşı hadisə deyil. Anar Kərimov Mədəniyyət Naziri təyin olunanda facebook səhifəmdə bir yazı yazdım. Təbrik edib, yazmışdım ki, mən bilmirəm Anar Kərimov mədəniyyəti nə dərəcədə bilir, amma ona xatırlatmaq istərdim ki, Mədəniyyət Nazirliyi çox ağır yerdir. Bəlkə də ölkənin ən böyük nazirliyidir. Mədəniyyət Nazirliyi bütün bölgələrdə olan mədəniyyət evləri ilə maraqlanmalıdır. Məsələ həmin mədəniyyət evlərinin baxımlı yaxud baxımsız olmasında, binalarının olmamasında deyil. Axı onun fəaliyyəti də, yaradəcı mühiti də vacbdir. Mədəniyyət Nazirliyi kabinetdə yox, dövlətin ona verdiyi xidməti avtomobildə olmalıdır. Paytaxtdakı, bölgələrdəki mədəni obyektləri gəzməli, nəzarət etməlidir. Mədəniyyət Nazirinin səlahiyyətlərini müvəqqəti icra edən insana da qüvvə arzu edirəm. Xəbəri olsun ki, olduqca ağır və çətin bir yerə gəlib.
- Bayaq yaradıcı ittifaqlardan söhbət getdi. Yəqin ki, xalq artisti Şəfiqə Məmmədovanın Kinematoqrafçılar İttifaqında baş verənlərlə bağlı məlumatınız da var. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, bu haqda məlumatım var. Ölkədə iki kinoittifaq var. Bu anormal bir şeydir. Bizim lap əvvəldən bir ittifaqımız var idi, sədri də Rüstəm İbrahimbəyov idi. Mən də o ittifaqın üzvüyəm və düşünürəm ki, o da davam etməlidir. İttifaqda yeyintilərin olması haqda da saytlardan oxudum, amma mənim əlimdə fakt yoxdur. Təbii ki, bu pis şeydir, kim onu tərifləyə bilər ki?! Əgər əllərində faktlar varsa, niyə o zaman hüquq orqanları susur? Həqiqətən orada oğurluq, cinayət varsa, maddələr pozulubsa hüquq orqanları susmamalıdır. Kim olursa-olsun, qanun qarşısında cavab verməlidir. Amerikada Maykl Ceksonu həbs etmişdilər. Belə şeyə baxmazlar! Kim olursa-olsun həbs etmək lazımdır.
































































































