Düşmənlər sevinməsin...-İnşallah, bir doğum günüm də Xankəndinin azadlığıyla qovuşar...”

Hazırda oxunan: Düşmənlər sevinməsin...-İnşallah, bir doğum günüm də Xankəndinin azadlığıyla qovuşar...”

581113
“İstəsəm də, istəməsəm də, Xankəndinin, Kərkicahanın işğalını, nəinki doğum günümdə, demək olar ki, hər gün xatırlayıram...”
 
"Əgər bu gün Ali Baş Komandan Qərbi Azərbaycan torpaqlarından qaçqın düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına dönəcəklərindən qətiyyət və inamla danışırsa, deməli, Azərbaycanın həm tarixi, həm də qanuni ərazisi olan Xankəndi, Xocalı, Ağdərə və s. yurdlarımızın əsil sakinləri daha öncə öz doğma torpaqlarına qayıda biləcəklər..." 
 
“Doğum günündən söz düşən kimi qeyri-iradi Xankəndini yadıma salıram... Təəssüf ki, bizlər - sovet dövründə o şəhərimizdə dünyaya gələnlər xeyli sonra anladıq ki, bu şəhər “Stepanakert” yox, Xankəndidir. Xanın kəndi, Qarabağ xanının kəndi... İmperiya bizdən çox şeyi gizlətdi, çox məkanlarımızı erməniləşdirdi. İşğalçı ermənilərin əli ilə 30 ildən çox Şuşasız, Laçınsız, Qarabağsız yaşamağımıza səbəb oldu... Nəhayət, şəhid və qazilərimizin canı-qanı, sayəsində Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın... azadlığını gördük... Artıq 3-cü doğum günümdür ki, Qarabağımızın, Şərqi Zəngəzurumuzun xeyli hissəsinin azad olduğu günlərdə qarşılayıram...”
Bu fikirləri bu gün – dekabrın 27-də  75 yaşı tamamlanan, Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, Milli Məclisin sabiq deputatı Flora Qasımova Moderator.az-a açıqlamasında ifadə edib.
 
“70 yaşımda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev məni “Şöhrət” ordeni ilə təbrik etdi... 73 yaşımın ən gözəl hədiyyəsi isə həm də dövlət başçısının uğurlu siyasəti sayəsində Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın... azad edilməsi oldu. İnşallah, ümid  edirəm ki, gələn ad günüm də Xankəndinin, Xocalının, Əsgəranın, Ağdərənin, Xocavəndin tam azadlığı ilə qovuşar” -deyə açıqlamasının davamında şəhid xanımı ümidini ifadə edib.
 
“Tale elə gətirib ki, 1991-ci ildə - sizin doğum gününüzdə Xankəndi, ona bitişik Kərkicahan qəsəbəsi öz əsil sakinləri ilə birgə sonuncu gününü yaşayıb. Dekabrın 28-də isə Kərkicahanı sonuncu azərbaycanlı da tərk edib. Hər doğum gününüzdə, yəqin ki, qeyri-iradi bunları xatırlayırsınız?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:
“Bəli, istəsəm də, istəməsəm də, Xankəndinin, Kərkicahanın işğalını, nəinki doğum günümdə, demək olar ki, hər gün xatırlayıram... Uşaqlığım Kərkicahanda keçdiyi üçün  o məkan mənim üçün xüsusilə doğma və əzizdir... 1988-1991-ci illərdə bu qəsəbənin igid, cəsur və mərd oğul-qızları demək olar ki, mühasirə şəraitində, sayca dəfələrlə çox düşmənin bütün basqılarına sinə gərdi, savaşdı, vuruşdu, mübarizə apardı... Təəssüf ki, sonda Xankəndindəki sovet ordusunun  böyük canlı qüvvə və texniki dəstəyi ilə erməni terrorçuları Kərkicahanı işğal edə bildi... Bilirəm ki, erməni mediası dünəndən bəri “Krkdjan” adlandırdıqları Kərkicahanın “azərbaycanlılardan tam təmizlənməsini” xüsusi vurğu ilə qeyd edirlər...  Amma qoy sevinməsinlər. İnşallah, tezliklə, öncə dediyim kimi,  Xankəndi də, Kərkicahan da və s. tam şəkildə Azərbaycan dövlətinin yurisdiksiyasına qayıdar. Və şad günlərimizi o yurdlarımızda da qeyd edərik... Əgər bu gün Ali Baş Komandan Qərbi Azərbaycan torpaqlarından qaçqın düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına dönəcəklərindən qətiyyət və inamla danışırsa, deməli, Azərbaycanın həm tarixi, həm də qanuni ərazisi olan Xankəndi, Xocalı, Ağdərə və s. yurdlarımızın əsil sakinləri daha öncə öz doğma torpaqlarına qayıda biləcəklər. Hamımız o günləri səbirsizliklə gözləyirik”,  -deyə sabiq millət vəkili vurğulayıb.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin