“Azərbaycan rəsmi səviyyədə baş verənlərlə bağlı öz mövqeyini aktiv şəkildə izah etməyə keçməlidir...”
“Düzdü, bundan sonra da Şuşa-Xankəndi yolundakı məlum aksiya ilə bağlı Azərbaycana Qərb təsiri müəyyən dərəcədə artacaq. Amma düşünmürəm ki, bu, bilavasitə dövlətlər səviyyəsində olacaq. Çünki həmin Qərb dövlətlərində də çox yaxşı anlaşılır ki, bu aksiyanın məqsədi nədir və ümumiyyətlə, Qarabağda baş verənlərin mahiyyəti nədən ibarətdir. Bu, Rusiyanın yolunu bağlamaqdır. Onun Azərbaycan torpaqlarındakı qeyri-adekvat davranışlarına, özbaşınalığına son qoymaqdır. Və daha geniş rakursdan baxsaq, ümumiyyətlə, Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasıdır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Laçın-Şuşa-Xankəndi-Xocalı-Ağdam yolunda artıq 8-ci gündür davam edən məlum aksiyanın beynəlxalq səviyyədə reaksiyasından danışarkən ifadə edib.
“Bu mənada bir daha təkrar edirəm ki, Qərb dövlətlərindən ciddi reaksiya gözləmirəm. Müəyyən səviyyələrdə Azərbaycanın ünvanına hər hansı sərt bəyanatlar verilə bilər. Amma, çox güman ki, bu, heç vaxt sözdən, bəyanatdan əmələ keçməyəcək. Bu, yalnız o halda ola bilər ki, hansısa ölkədə ictimai fəallar, qeyri-hökumət təşkilatları, insan hüquqları müdafiəçiləri hökumətləri rəsmi Bakıya təsr göstərməyə vadar edə bilər. Lakin bu da inandırıcı deyil. Həm də ona görə ki, bu gün baş verənlər hamısı geo-siyasi məsələlərdir. Geo-siyasi məsələdə isə artıq bütün o dəyərlər, hüquqlar, qanunlar və s. işləmir. Ümumiyyətlə, bu gün dünyada bu kriteriyalara uyğun sistem, demək olar ki, işlək deyil. İşləyirsə də, olduqca zəif işləyir...
Bir sözlə, bəhs etdiyimiz halda Qərb üçün prioritet olan Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasıdır. Və bu halda da bütün metodlar, kobud səslənsə də, məqbuldur. Ona görə də bilmək lazımdır ki, baş verənlər Azərbaycan ətrafında neqativ ictimai rəy yaradacaq. Bəs sonda həmin durum ölkəmizlə bağlı beynəlxalq siyasətə təsir göstərəcəkmi? Hesab edirəm ki, tam yox, qismən... Və Azərbaycana qarşı hansısa sərt addımlar atılmayacaq” -açıqlamasının ardında bunları söyləyən ekspert hesab edir ki, Azərbaycan dövləti ölkəmiz ətrafında beynəlxalq səviyyədə yaranan mənfi atmosferin aradan qaldırılması üçün ciddi hərəkətə keçməlidir.
“Bununla belə, ölkəmiz, dövlətimiz ətrafında neqativ rəy yaradılmasının özü də yaxşı hal deyil. Ona görə də Azərbaycan rəsmi səviyyədə baş verənlərlə bağlı öz mövqeyini aktiv şəkildə izah etməyə keçməlidir. Bu, bizim üçün çox vacibdir. Ona görə vacibdir ki, Rusiya Azərbaycan ətrafında artmaqda olan mənfi atmosferdən, beynəlxalq ictimai rəydən sui-istifadə edə bilməsin. Bundan öncəki söhbətimizdə dediyim kimi, Kreml, Putin məhz bunu gözləyir. Rusiya gözləyir ki, Qərbdən Azərbaycanın mümkün müdafiəsi zəifləsin və o, aktiv hərəkətlərə keçsin. Bu isə bizim məğlubiyyətimiz demək olardı” -deyə siyasi analitik diqqətə çatdırıb.
Sultan Laçın



































































































