“2022-ci ildə sənət adamlarının çoxu bu dünyadan köçdü. Bundan sonra məndə sənətə qarşı stimul, həvəs azaldı. Yeni mahnılar yazdırmaq həvəsində deyiləm. Çox bəstəkar mənə təklif edir ki, yaxşı mahnı var, falan. Amma sabah, sabah deyib, ötürürəm. Məndə o həvəs qalmayıb. Tam kənara da çəkilməmişəm, amma neynirəmsə həvəssiz edirəm. Sənətdən uzaqlaşmasam da, soyumuşam”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevda Əliqızı deyib. O daha sonra efirlərə az dəvət almasından danışıb.
“Son illər nədənsə efirlərə yeni çıxan gəncləri çağırırlar. Bizim yaşımızda olan sənətkarları az-az dəvət edirlər. Soruşanda da deyirlər ki, niyə efirə gəlmirsiniz? Siz çağırın ki, biz də gələk də. Çağırılmamış necə gələk?! Bu da insanı stimuldan, həvəsdən salır. Mən gənclərin efirlərdə görünməyinin əleyhinə deyiləm. Xoşum gəlir, gözəl, istedadlı gənclərimiz çoxdur. Amma bizi də gərək kənara çəkməsinlər. Kənarda qalanda insan hər bir şeydən soyuyur, inciyir. Xarici ölkələrdə sənət adamı nə qədər yaşlanırsa, bir o qədər də qədrini, dəyərini bilirlər” deyə müğənni bildirib.
Sevda Əliqızı sənətdən çox ailəyə vaxt ayırdığını bildirib.
“Sənət adamı irəli getmək istəyirsə, vaxtının çoxunu sənətə həsr etməlidir. Mən ailəmlə daha çox maraqlanırdım, nəinki sənətimlə. Amma yenə də deyirəm, heç bir şeyə peşman olmamışam. Yetəri sayda tamaşaçılarım, sevənlərim var. Mən başqa sənətdə olsaydım, adi bir ev xanımı olardım. Sənətim məni ucaltdı, hörmət, sevgi qazandırdı. Məncə bu az deyil. Əsas odur ki, mənim övladım, nəvələrim xoşbəxtdir. Mən onlarla qürur duyuram” deyə sənətçi bildirib.
Sevda Əliqızı “İkinci dəfə heç ailə həyatı qurmaq istəmisiniz?” sualına belə cavab verib.
“İkinci ailə yamaqdır. Qadın onda özünü qadın kimi hiss edər ki, yanında söykənəcəyi divar olsun. Mənim divarım olmadığı üçün özümü bəzi kişilərdən güclü sayıram. Çətin də olsa artıq buna alışmışam. Bu mənim taleyimdir. Bu gün mənim yanımda idman sahəsində öz sözünü demiş, güclü və hörmətli oğlum var. Həmişə çalışmışam ki, oğlumun başını dik tutum və imkan verməmişəm ki, mənim haqqımda həqiqətə uyğun olmayan şayələr gəzsin” deyə Sevda Əliqızı bildirib.




























































































