“Mən Post SSRİ ölkələri də daxil olmaqla 100-ə yaxın teatrda olmuşam. Birinci dəfə Azərbaycanda rast gəldim ki, yaşlı nəsli ya təqaüdə çıxarırlar, ya yarımştat, ya da saat hesabı teatrda saxlayırlar. Saat hesabı da odur ki, təzə rol verməyəcəklər, köhnə tamaşalar da repertuardan çıxandan sonra o boş qalacaq. Bu ağlabatmaz bir qənaətdir, bunu kim fikirləşib?! Necə fikirləşib? Mən başa düşmürəm. Böyük sənətkarımız İsmayıl Osmanlı xalq artisti fəxri adını 73 yaşında alıb. Ağasadıq Gəraybəyli 90 yaşında da səhnədə tamaşa oynayıb. Bu gün Valeh Kərimovu Sumqayıt Dövlət Dram teatrından tamamilə çıxarıblar".
Bunu Moderator.az-a açıqlamasında teatrşünas, professor İlham Rəhimli deyib. O, daha sonra əlavə edib.
“Bütün dünyada incəsənət sahəsində istedad əsas meyar götürülür, yaş yox. Ola bilər ki, 30-35 yaşında aktyor teatra yaramasın. Ola bilər 80 yaşında aktyor teatra yarasın, səmərə versin. Aktyorun enerjisi varsa, sağlamlığı imkan verirsə, niyə o teatrdan çıxmalıdır?! Bunu başa düşə bilmirəm, mənə elə gəlir ki, səriştəsizlikdən bunu edirlər. Deyəndə də deyirlər ki, gənclərə yer edirik. Azərbaycan teatrında kifayət qədər teatra yaramayan gənclər var. Bunun da kökü test üsulu ilə aktyor qəbul etməkdən gəlir. Mədəniyyət və İncəsənət Universiteti son 30 ildə hər il 30-40 aktyor buraxır. Bu aktyorlara sənət dərsini çox səriştəli, peşəkar, təcrübəsi olan müəllimlər deyir. Aktyorluqda oxuyanların 80 faizi deyir ki, mən təsadüfən bu fakültəyə düşmüşəm. Belə aktyor yetişdirmək olmaz. O yetişən aktyorların da 90 faizi işsiz qalır. Mənə elə gəlir ki, Elm və Təhsil nazirliyi ilə Mədəniyyət Nazirliyi xüsusi müqavilələr bağlamalıdır. Bu respublikaya nə qədər aktyor lazımdır?! Minlərlə aktyor bu dəqiqə işsizdir, öz sənətində işləmir” deyə professor bildirib.
İlham Rəhimli Mədəniyyət nazirliyindən də danışıb.
“Mədəniyyət Nazirliyinə son vaxtlar xarici dil bilənləri işə götürürlər. Bura Xarici İşlər Nazirliyi deyil. Bura ilk növbədə mədəniyyəti bilən adamları götürmək lazımdır. İnglis, fransız, rus, ərəb dilini bilirsə daha yaxşı. Mədəniyyətdən xəbərsizdirlər. Mədəniyyət Nazirliyində elə adamlar var ki, Azərbaycanda olan teatrların adlarını çəkə bilməzlər” deyə o bildirib.


































































































