Peyvənd sonsuzluq yaradır? – Mütəxəssislərin RƏYİ

Hazırda oxunan: Peyvənd sonsuzluq yaradır? – Mütəxəssislərin RƏYİ

8934

Dünyada bir ildən çoxdur tüğyan edən koronavirusla mübarizənin ən önəmli mərhələsinə başlanıb. Bir çox ölkələrdə vaksinasiya prosesinə dekabr ayından start verilib. Azərbaycanda isə peyvəndləməyə bu gündən başlanıb.

Bəzi insanlar vaksinasiya ilə bağlı hələ də tərəddüd içindədir. Səbəblərdən biri internetdə gəzən şayiələr və bəzi həkimlərin fərqli çıxışlarıdır. Yeni iddialara görə, vaksinasiya sonsuzluq yaradır. 

Bir çoxları bunu belə əsaslandırır ki, koronavirusun iti tac ucları orqanizmin öz zülallarına, yəni Sinsitin 1 zülalına yapışır.

Uşaq dünyaya gətirmək yaşında olan qadınlarda Sinsitin 1 plasentanın formalaşmasına və dölün uşaqlıqda qidalanmasına cavabdehdir.

Vaksindən sonra virus sensitinə keçəcək. Bununla da qadın hamilə qala bilməyəcək, çünki plasenta əmələ gəlməyəcək.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-mütxəsislərlər sözügedən məlumatlara aydınlıq gətiriblər.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, peyvənddən sonra sonsuzluq probleminin yaranması əsassız məlumatlardır:

“Peyvənd nə vaxt vuruldu ki, onun nəticəsi yoxlanılsın və sonsuzluq yaratması müəyyənləşsin. Vaksinasiya ilə bağlı çoxsaylı məqsədli şayiələr yayılır. Bu da təsəvvürlərin yalnış olmasından irəli gəlir. Vaksinasiyaya isti yanaşmaq lazımdır. Məhz peyvəndləmə sayəsində bu gün dünyada qızılca, skarlatina, difteriya, göy öskürək kimi xəstəliklər yoxdur. Bu xəstəliklərdən 10 minlərlə uşaq dünyasını dəyişib.

Vaksinasiya nəticəsində təbii çiçək yoxa çıxıb. Düzdür, kütləvi vaksinasiyada dünya tarixində müəyyən problemlər olur. Amma peyvəndləmə prosesini Dünya Səhiyyə Təşkilatı və xəstəliklərə nəzarət mərkəzləri çox ciddi izləyir. Hər hansı problemlər olarsa, onunla bağlı qərar veriləcək. İndi gəzən söhbətlərin isə heç bir əsası yoxdur”.

Tanınmış nevpotoloq Qalib Əsədov peyvəndin sonsuzluğa səbəb olması ilə bağlı məlumatsız olduğunu bildirib. 

Həkim-terapevt Rasif Bağırov isə bu cür məlumatların peyvəndin əleyhinə olanlar tərəfindən yayıldığını deyib:

“Heç bir əsası olmayan məsuliyyətsiz bir fikirdir. Bilirlər ki, insanlar belə məsələlərdə çox həssasdırlar, ona görə də həqiqətəuyğun olmayan məlumatlarla onların fikirlərini qarışdırırlar. Ümumiyyətlə, peyvəndin gələcəkdə nə yaradacağı məlum deyil. Bəlkə, heç bir problem olmayacaq? Bu, Şərq ölkələrinin bir qədər geri qalmış fikirlərinə və əsası olmayan məlumatlarına bənzəyir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin