Son dövrlərdə ürək xəstəliklərinin artması problemlərin həlli baxımından kardioloq müayinəsindən keçməyi zəruri edən məqamlardan biridir.
Bu mənada Bizim.Media olaraq ölkənin tanınmış invaziv kardioloqu, Tibb Üzrə Fəlsəfə Doktoru Qalib İmanovla müsahibə etdik:
- Doktor, ilk olaraq bir məsələyə aydınlıq gətirmək istərdim. El arasında belə bir fikir var ki, angina və revmatizma keçirən uşaqların ürək xəstəliklərinə tutulma riski daha çoxdur. Sizcə bu nə dərəcədə doğrudur?
- Revmatizma ürək xəstəlikləri ilə sıx bağlıdır. Bəzən həkimlər başqa xəstəliklərə də revmatizma adı qoyurlar. Revmatizmaya adətən 5-15 yaşlı uşaqlar tutulurlar. Revmatizm ilk növbədə oynaqları və ürək klapanlarının qapağını zədələyir. Əlamətlər əsasında revmatizma dəqiqləşdirilir və müalicəsi aparılır. Belə uşaqlara profilaktik olaraq 18 yaşlarına qədər 3 həftədən bir antibiotiklər vurulmalıdır. Yaşlı adamlarda isə revmotoid artrit kimi birləşdirici toxuma xəstəlikləri, yəni sırf oynaqlarla bağlı olan xəstəliklər təzahür edir. Angina yəni tanzilit və revmtizmanın törədicisi stafilokoklar olduğu üçün tez-tez angina keçirən uşaqlarda badamcıqların çıxarılması məsləhət görülür, çünki müəyyən müddət sonra onlar oynaqları zədələyə bilər.
- Bəs ürək qüsurlarının uşaq yaşlarından başlaması doğrudurmu? Maraqlıdır, uşaq ana bətnində olarkən onda yaranan ürək qüsurları necə müəyyən olunur?
- Ürək xəstəlikləri anadangəlmə və sonradan hər hansı səbəblərdən dolayı yarana bilər. Bu zaman uşaq ana bətnində olarkən Fetal Exokardioqrafiya ilə yoxlanılır və diaqnoz qoyulur. Düzü, burada diaqnoz adi exokardioqrafiyadakı kimi dəqiq deyil. Anadangəlmə ürək qüsurlarından ən çox yayılanlar qulaqcıqlararası və mədəciklərarası çəpər əyriliyi, böyük damarların ürəkdən çıxan hissəsində daralmalar və ciddi çatışmamazlıqlar kimi qüsurlardır ki, bunların diaqnozlarını uşaq doğulmamışdan qoymaq mümkün olur. Elə qüsurlar da var ki, uşaq doğulan kimi o qüsurdan dolayı dünyasını dəyişir. Bu kimi qüsurlar vaxtında aşkar olunanda valideyinlərə tövsiyə olunur ki, hamiləlikdən azad olunsun, yəni bu zaman hamiləlik ilk 6 ayda sonlandırılır. Xromosom xəstəliklərinin uşaqlarda yaratdığı potologiyalardan biri də, ürək qüsurlarıdır. Uşaq ana bətnində olarkən onda xromosom xəstəlikləri müəyyən oldunduğu vaxt adətən onu ürək müayinəsinə də göndərirlər.
- Anadangəlmə ürək qüsuru olan uşaqlara həkimlər adətən niyə məhz Jaten əməliyyatını məsləhət görürlər?
- Magistral damarların transpozisiyası deyilən çox ciddi bir anadangəlmə ürək qüsuru var. Jaten əməliyyatı həmin qüsuru ləğv etmək üçün aparılan əməliyyatlardan biridir. Bu zaman damarların yeri tərsinə olduğu üçün bunu qulaqcıq səviyyəsində və damar səviyyəsində dəyişdirmək və bərpa etmək mümkündür. Ürəyin içində tunellər yaratmaq və qanın istiqamətini doğru yönə yönləndirməklə, bunu etmək mümkündür.Jaten əməliyyatının riski az olduğu üçün bu gün ən çox aparılan əməliyyatlardan birirdir. Hazırda Azərbaycanda da uğurla tətbiq olunur.
- Renal Denervasiya kimi təzyiqlə bağlı olan ürək xəstəlikləri hazırda dünyada çox geniş yayılıb. Bəs təzyiq probleminin hər beş insandan birində rastlandığı Azərbaycanda vəziyyət necədir?
- Təzyiqin nəzarətdə saxlanmaması hətta ölümlə nəticələnə bilər.Bunun ən geniş yayılmış müalicəsi dərmanla aparılan müalicədir. Arterial hipertenziyanın elə formaları var ki, müalicə alınmasına baxmayaraq təzyiq normaya düşmür. Ona görə bu xəstələr risk daşıyırlar. Renal Denervasiya 10-12 il ərzində tətbiq olunan bir metoddur və özünü tam doğrultmadı. Hazırda Renal Denervasiya üçün istifadə olunan alətlər çox təkmilləşdirilib. Bu istiqamətdə tədqiqatlar davam edir. Bu təzyiq xəstəliklərinin ən pik nöqtələrində tətbiq olunur. Təzyiq dərmanları içməsinə baxmayaraq xəstənin təzyiqi normala qayıtmırsa, xəstəyə Renal Denervasiya tətbiq olunur. Bu həmçinin ürək çatışmazlığı ilə qarşılaşan şəkər xəstələrinin müalicəsində də ən effektli üsullardan biridir.
- Sizcə Azərbaycanda ən çox yayılmış xəstəliklər sırasına ürək xəstəlikləri də daxildir?
- Dünyada olduğu kimi ölkəmizdə də ürək damar xəstəlikləri ən çox yayılan xəstəliklər sırasındadır. Miokard infarktı, insult, hipertoniya və şəkər xəstəlikləri ölkəmizdə daha çox yayılıb. Xəstəliklərin artması ilə yanaşı deyərdim ki, bu tipli xstəliklərə daha çox cavanlarda rast gəlinir. 15-20 il bundan əvvəl 30 yaşından aşağı insanlarda infrakt görməzdik, indi isə bu yaşın altında çoxlu infarkt xəstəsi qəbul edirik. Bu düzgün qidalanmamaq və ətraf mühitin təsiri kimi amillərlə əlaqədardır.
- İnfark keçirən insan bunu necə anlaya bilər?
- İnfarkt elə bir xəstəlikdir ki, onun mütləq müayinədə izi qalacaq. Elektrokardioqramma və exokardioqramma müayinəsi zamanı insanın nə vaxtsa infarkt keçirdiyini bilmək olar. İnfarkt o deməkdir ki, ürəyi qidalandıran damarlardan biri tutulur.Çox nadir hallarda ola bilər ki, bu iz buraxmadan baş versin.
- Xəstələriniz sizə daha çox ürəklərində yaranmış hansı problemlə əlaqədar müraciət edirlər?
- Ən çox damar daralması və damar tutulması ilə bağlı müraciətlər alıram. Bunun tibbi adı “stenokardiyadır”. Miokard infaktı ilə bağlı da, aldığım müraciətlərin sayı artmaqdadır. Bu zaman xəstələrdə ilk fəsad döş qəfəsində olan ağrılardır. Əsasən də, fiziki aktivlikdən sonra bu ağrılar müşahidə olunur. Bəzən əsəbiləşəndə də həmin nahiyədə ağrılar baş verir. Bəzi aktivlik zamanı, misal üçün uzun məsafə qət edəndə və ya pilləkan qalxanda xəstələr gözləyirlər ki, ağrılar keçsin və daha sonra yola davam etsinlər. Əslində ağrı 15 dəqiqədən çox davam edirsə, bu infarkt deməkdir. Digər təzahürü isə şəkər xəstələrində olan təngnəfəslik və boğulmadır. Bu kimi hallarla qarşılaşan xəstələr uzana bilmirlər və gecə oturaq halda yatmaq məcburiyyətində qalırlar.
- Ürəkdə qulaqcıqlar arası çəpər əyriliyinə ən çox qadınlarda rastlanmasına səbəb nədir?
- Doğrudur, bu xəstəliyə 3:1 nisbətində qadınlarda kişilərdən daha çox rast gəlinir. Amma nə üçün qadınlarda çox rastlanmasının səbəbi hələ də, elmə məlum deyil.
- Bəs 2000-ci illərdən Azərbaycanda daha çox tətbiq edilən “anju” haqqında nə deyə bilərsiniz?
- “Koronar anginoqrafiyanı” hər il biz lazım olduğu təqdirdə xəstələrə tətbiq edirik. Üstünlüyü odur ki, bu zaman ürəkdə tutulma və tıxanma kimi problemlər aşkar olunur. Bundan sonra xəstəyə rahatlıqla diaqnoz qoya bilirik ki, əməliyyat olunsun, stend taxılsın və ya dərman müalicəsi tətbiq edilsin.
- Həmçinin Tibb Universitetində də müəllim kimi çalışırsınız. Sizcə nə üçün tibb sahəsində təhsil alan tələbələrimizin çoxu xarici təhsilə doğru can atırlar?
- Məncə hər şey istəyə və arzuya bağlıdır. Mən özüm Azərbaycanda təhsil almışam və heç də, peşman deyiləm. Gördüyüm işlərin hamısını da, burada həyata keçirmişəm. Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyəsi çox yaxşı səviyyədədir. Hətta bir çox qabaqcıl ölkələr ilə müqayisə olunacaq səviyyədədir, desəm, heç də yanılmaram. Buna baxmayaraq xaricə üz tutan tələbələrimiz var. Bu onların həyat tərzi, orada yaşamanın onlara daha maraqlı görünməsi və rahat olması ilə bağlı ola bilər. Hazırda xaricə getmədən də, məhz Azərbaycanda bu ixtisası mükəmməl öyrənmək mümkündür.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
COP29
15:00 / 20.07.2022
“İnfarkt xəstəliyi 30 yaşın altına enib” – Kardioloqdan XƏBƏRDARLIQ
Hazırda oxunan: “İnfarkt xəstəliyi 30 yaşın altına enib” – Kardioloqdan XƏBƏRDARLIQ
Hazırda oxunan: “İnfarkt xəstəliyi 30 yaşın altına enib” – Kardioloqdan XƏBƏRDARLIQ
84549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.