Uşaqlara koronavirusa qarşı peyvənd vurulacaqmı? – PEDİATR açıqladı 

Hazırda oxunan: Uşaqlara koronavirusa qarşı peyvənd vurulacaqmı? – PEDİATR açıqladı 

7863

“Bu gün dünyada gedən vaksinasiyaya uşaqlar cəlb edilmir. Gələcəkdə də olub-olmayacağını bilmirəm.  Uşaqlar onsuz peyvənd alır, yükləməsək daha yaxşı olar. 14 yaşından yuxarı təbəqəni peyvəndləməyə cəlb etmək olar”.

Bunu Bizim.Media-ya açıqlamasında tanınmış pediatr Vaqif Qarayev uşaqlara peyvəndin tətbiq olunub-olunmayacağı məsələsindən danışarkən deyib.

Həkim bu gün uşaqlarla bağlı dünya COVİD statistikasında kritik durumun olmadığını qeyd edib:

''Yoluxma var və hətta yeni doğulanlar arasında müşahidə edilir. Ölüm bəlkə heç 0 faiz də deyil. Nə yoluxma, nə də ölüm faizi kritikdir. Pediatr olaraq 14 yaşdan aşağı uşaqlara peyvəndin vurulmasına gərək duymuram. Dövlət nə qərar çıxaracaq bilmirəm. Çin, Türkiyə, Almaniya, ABŞ və digər peyvəndləmə gedən ölkələrdə də uşaqlara vaksinləmə tətbiq edilmir''.

''14 yaşdan yuxarı olanların yoluxma ehtimalı isə çox olduğu üçün vaksinləmədə iştirak etməlidirlər. Daha bir problem var. Pandemiya dönəmində uşaqların evlərə qapanmasından sonra onlarda ciddi fəsadlar olacaq. Bu səbəbdən özümüzü dünyadan ağıllı hesab etməməliyik''.

Pediatrın sözlərinə görə çox güclü yoluxuculuq qabiliyyəti olan viruslar tüğyan edəndə xəstəlikdən qorunmaq üçün iki yol – karantin və peyvəndləmə qalır:

''Bu gün dünyada antivaksin şəbəkəsi “filan yerdə peyvənddən kimsə öldü, yaxud şoka düşdü” kimi kampaniyalara başlayıblar. İnsanın qulaq pərdəsi pis xəbərə daha həssasdı. Yad zülal orqanizmə daxil olanda hansısa reaksiyaların olması təbiidir''.

''Hamının orqanizmi peyvəndə standart cavab verə bilməz. Amma ölümün olmasına inanmıram. Xaricdə yaşayan bir çox həkimlərimiz peyvənd olunublar və elə də ciddi bir şey hiss etmirlər. Həkim olaraq COVİD-ə qarşı vaksinə ikiəlli razıyam. Yoxsa aylarla, illərlə evdə oturmalıyıq''. 

Həkim vaksinlərin ölkəyə gətirilməsindən çox, onların saxlanma şəraitinin daha vacib olduğunu vurğulayıb:

''Ölkəyə gətirilən vaksinin keyfiyyəti, yan təsirsiz olması və immunitet yaratması çox vacibdir. Elə vaksin var ki, -60, -70 dərəcədə saxlanılmalıdır. Elə konteynerlər olmadığından bu, bizdə alınmayacaq və həm də inanmıram ki, dövlət belələrini alsın''.

''Əsas odur ki, Dünya Səhiyyə Təşkilatının təsdiq etdiyi vaksinləri alaq. Peyvənd könüllülük prinsipi əsasında aparılsa da, bizim toplumuza görə məcburi olmalıdır''.  

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin