31 may 2022-ci il tarixdə “İcbari Tibbi Sığorta xəstələrin seçim hüququnu nəyə görə pozur? – Yeni ALVER MEXANİZMİ" başlıqlı məqalə dərc etmişdik.
Məqalədə icbari tibbi sığorta çərçivəsində vətəndaşların TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi xidmətdən yararlanması barədə ətraflı söhbət açılmışdı.
Yazı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bizim.Media-ya cavab ünvanlayıb.
Cavab məktubunda deyilir ki, “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasında edilmiş dəyişikliklərə əsasən sığortaolunanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim - kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. - müayinəsi) göndəriş vərəqəsi olmadan müraciət edə bilərlər.
MÖVZU İLƏ BAĞLI:
İcbari Tibbi Sığorta xəstələrin seçim hüququnu nəyə görə pozur? – Yeni ALVER MEXANİZMİ
Bu zaman vətəndaşa tələb olunan tibbi xidmət Xidmətlər Zərfinə daxildirsə, şəxsin tibbi xidmətdən icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq yararlanması təmin edilir”.
Məlumatda daha sonra qeyd edilir ki, “TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində ambulator və ya stasionar şəraitdə tibbi xidmətin göstərilməsi mümkün olmadıqda o, Agentliyin müqavilə bağladığı 57 özəl tibb müəssisəsindən istənilən birinə (//its.gov.az/uploads/law/118/829126.pdf) yönləndirilir”.
Agentlik sonda bildirib ki, “Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir”.
TƏBİB-in açıqlamasından da görünür ki, göstərilən şərtlərdə sığortaçı mövcud qaydalara uyğun olaraq müalicəsi üçün tibb müəssisəsini seçməkdə azaddır.
Burada heç bir məhdudiyyət qoyula bilməz. Sadəcə həmin özəl tibb müəssisəsi TƏBİB-in siyahısında olmalıdır. Amma bizim qaldırdığımız problem odur ki, bölgələrdə əhaliyə TƏBİB-in göstərdiyi 57 müəssisəyə yox, ancaq özlərinin müqavilə bağladığı xəstəxanalara göndərə biləcəklərini deyirlər.
Bütün hallarda vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, müraciət etdiyiniz zaman xəstəliyinizlə bağlı əgər qeydiyyatda olduğunuZ bölgədə müalicə ala bilmirsinizsə, onda Agentliyin bizə verdiyi açıqlamada olduğu kimi, qeydiyyatdan keçmiş 57 özəl tibb müəssisəsindən istədiyinizi seçə bilərsiniz.
Sonda qaldırdığımız problemə operativ reaksiya verdiyinə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə öz minnətdarlığımızı bildiririk.
Surxay Atakişiyev, Bizim.Media