“Dərman alverçiləri açıq-aydın maxinasiya ilə məşğuldur” - FARMOKOLOQ

Hazırda oxunan: “Dərman alverçiləri açıq-aydın maxinasiya ilə məşğuldur” - FARMOKOLOQ

7603

“Bu gün ölkəyə gətirilən dərmanların bioloji aktivliyi yoxdur. Dərmanı hansı iş adamı gətirirsə, dərman vasitələrinin hansı kimyəvi və bioloji analizdən keçdiyini bilməlidir. Bioloji analiz isə Azərbaycanda aparılmır”.

Bunu Bizim.Media saytına açıqlamasında farmokoloq Aydın Əliyev Azərbaycanın daxili dərman bazarındakı problemlərdən danışarkən deyib.

Onun sözlərinə görə bəzən dərmanların tərkibi və elementləri eyni olsa da, bioloji aktivlik məsələsində ciddi çatışmazlıq var:

“Bu məsələ dərmanın qiymətindən də vacib və aktualdır. Xüsusən koronavirusla bağlı dərmanlarda ciddi problemlər var ki, bunun üzərinə gedilməlidir. Dərman təchizatı və nəzarəti ilə məşğuıl olan sahibkarlar, eləcə də qurumlar bunu düşünməlidir. Keyfiyyətsiz dərmanı ölkəyə gətirən sahibkar birbaşa cinayət məsuliyyətinə cəlb edilməlidir”.
 

MÖVZU İLƏ BAĞLI:

ÜST-ün ikili oyunu, yoxsa idarə olunmayan təhlükə? – “Səhiyyədəki əyri əlləri kəsməliyik”


Dərmanların qiymətinin bahalaşması ilə bağlı gəzən xəbərlərə gəlincə, Aydın Əliyev indiki halda buna imkan verilməsini vətəndaşlıqdan kənar addım kimi qiymətləndirib: 

“Müharibədən yeni çıxmış ölkə və pandemiya məngənəsində olduğumuz bir vaxtda dərmanların qiyməti artırılmamalıdır. Yanacağın qiymətinin bahalaşması buna rəvac verməməlidir. Əgər dərmanlar yerli bazarda istehsal olunsaydı, daşınmasında öz avtomobillərimizin fəaliyyəti olsaydı, yenə buna bəhanə yaranardı. Həmçinin Tarif Şurasının bununla bağlı yekdil qərarı yoxdur. Hökumət artırmırsa, sahibkarlar buna da əl atırlarsa, bu addım vətəndaşlıqdan uzaq bir hərəkətdir”.

Farmokoloqun sözlərinə görə bəzi apteklərdə qiymət artımı ilə bağlı müşahidə aparıb və heç birində əvvəlki ilə müqayisədə fərq hiss etməyib:

“Hələki artım hiss olunmur. Amma ənənəvi qayda olaraq süni artımlar 5-10 gün müddətində baş verir”.

Aydın Əliyev ölkədə dərman çatışmazlığı məsələsinə də toxunub. O, deyib ki, bu gün dövlət qurumlarının və deputatların görməli olduğu işləri jurnalistlər görür:

“Mətbuat nümayəndələri bütün problemləri açıb-tökür. Dərman alverçiləri açıq-aydın maxinasiya ilə məşğuldur. Hökumət və Səhiyyə Nazirliyi deyir ki, koronavirusa qarşı ciddi karantin tədbirləri görülməlidir. İlin-günün bu vaxtı sahibkarlar həmin ciddi qayda-qanuna uyğun vətəndaş mövqeyi göstərməlidirlər. Durumdan istifadə edib 5-3 manat qazanc üçün sahibkarların belə iş tutması yaraşan deyil”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dərmanla bağlıq qiyməti artıranlara qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.

Belə ki, qurum Azərbaycanda tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə monitorinqlərin intensivliyini daha da artırıb.

Dövlət Xidməti sahibkarların nəzərinə çatdırıb ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin