CNN Honkong bürosunun məlumatına görə, Çin cümə axşamı ümumi istifadə üçün ilk yerli koronavirus peyvəndini təsdiqləyib. Bu günə qədər Çin istehsalı peyvəndlərin sınaq mərhələsində olduqları qeyd olunurdu.
Dövlətə məxsus əczaçılıq şirkəti olan Sinofarmın istehsal etdiyi peyvəndlər “Faz 3” klinik sınaqlarının analiz nəticələrinə əsasən virusa qarşı 79% təsirli olduğu müəyyən olunub.
MÖVZU İLƏ BAĞLI:
Çin "Sinopharm" vaksininin şərtli istifadəsinə icazə verdi
Lakin bu nəticələr “Faz 3”-ün yekun nəticələri deyil. Peyvəndlərin koronavirusa qarşı faydalı olması istiqamətində araşdırmaların hələ də davam etdirildiyi bildirilir.
Peyvəndin ümumi istifadə üçün təsdiq olunması qərarının Ümumdünya Səhiyyə Təşkilatının ABŞ və İngiltərə istehsalı peyvəndlərin təsdiqləməsindən dərhal sonra verilməsi xüsusilə diqqət çəkir. Rəsmi Pekin yekun nəticələr əldə olunmamasına baxmayaraq, sınaqların ara nəticələrinə əsasən peyvəndin uğurlu olduğunu hesab edir.
Çinin Milli Səhiyyə Komissiyası nazir müavini Zeng Yixin cümə axşamı keçirdiyi mətbuat konfransında Sinofarm şirkətinin istehsal etdiyi peyvəndin Çin vətəndaşlarına pulsuz veriləcəyini qeyd edib.
Onun sözlərinə görə, Çin fevral ayına qədər 50 milyon vətəndaşın peyvənd olunmasını hədəfləyir. İlkin olaraq peyvənd risk qrupuna daxil olan vətəndaşlar üçün nəzərdə tutulub.
Rəvan Əiyev, Bizim.Media