Son illərdə həkimlərin televiziya, radio xüsusilə sosial şəbəkə hesabları vasitəsi ilə özlərinin piarını, reklamını aparmaq halı çox populyarlaşıb. Bu əsnada, insanlar həkimləri etik çərçivəni aşmaqda günahlandırırlar. Xüsusilə də doğuş əməliyyatlarını həyata keçirən ginekoloqlar həmin prosesi kameraya alaraq, şəxsi hesablarında paylaşıb reklama da qoyurlar. Uşaqlı, qocalı hər kəsin qarşısına çıxan bu video böyük tənqidi müzakirələrə səbəb olur. Həmçinin bir çoxları yaxşı həkimin bu cür reklamlara ehtiyac duymadığını bildirir.
Ümumiyyətlə hazırda həkimlər niyə reklam olunmağa bu qədər önəm verirlər? Həqiqətənmi reklamını aparan həkimlərin pasienti çox olur?
Sualımızı həkim-ginekoloq Rəşad Sultan cavablayıb. O, Bizim.Media-ya açıqlamasında reklamı müasir günümüzün tələbi kimi hesab edib:
MÖVZU İLƏ BAĞLI:
ERKƏN HAMİLƏLİKLƏR – “Qüsurlu doğulan körpələr, ana ölümləri deməkdir” - Ginekoloqdan SOS
“Filan markanın reklama ehtiyacı yoxdur fikri artıq köhnəlib. Biz kapitalizm dövründə yaşayırıq və hər kəs öz malını satır. Biz nə qədər də desək ki, keyfiyyətli malın, professional həkimin reklama ehtiyacı yoxdur, bu, bazar iqtisadiyyatına yaraşan fikir deyil. Keyfiyyətli malın hər zaman tanıdılmağa ehtiyacı var. Həmçinin nə qədər tanınmış, yaxşı həkim olsan da səni 5 nəfər tanıyıb müraciət edirsə, reklam vasitəsilə daha çox ehtiyacı olan insanın qarşısına çıxıb onlara kömək etmiş olursan.
Lakin tibbin tamamilə bazar prinsipləri ilə idarə olunması və ya xəstə-həkim münasibətlərinə dövlət nəzarətinin olması məsələsi isə başqa bir mövzudur. Fikrimcə, tibb tamamilə dövlət nəzarətinə götürülərsə, həkimlərin reklama ehtiyacı olmaz. Bir də burada başqa bir nüans var. Əgər biz tibb müəssisəsində çalışıb qazancımızın yarısını ora veririksə, yaxşı olardı ki, reklamı da həmin xəstəxananın özü etsin. Həmçinin xəstənin əlindən pul almağı qanunsuz hesab edib, ödənişin kassada olunmasını tələb ediriksə, reklamı da xəstəxananın marketinq şöbəsinin etməyi daha yaxşı olardı. Çünki həkimin reklamla xəstə yığmağa çalışması, onun əlindən pul alması kimi etik sayılmır”.
R.Sultanın sözlərinə görə, bir çox həkimlər doğrudan da reklam etikasını kobudcasına pozur:
“Onsuz da cəmiyyət olaraq hər şeyin şitini-şorunu çıxarmağı xoşlayanıq. Bunu reklam sahəsində də göstəririk və demək olar ki, əndazəni aşmışıq. İşin həm etik, həm də hüquqi tərəflərindən danışsaq xəstə məhrəmiyyəti, sirri deyə bir şey var. Xəstəni ortaya qoyub, ən xırda detalına qədər göstərməyə hətta adını çəkməyə, paylaşmağa belə ixtiyarımız yoxdur.
Reklamın da dərəcəsi, yeri var. Məsələn, mən özüm verilişə çıxıb qadınların hamiləlik dövründə qidalanması haqda danışıramsa həm maarifləndirib, həm də öz reklamımı aparmış oluram.
Burada qəbahət heç nə yoxdur. Amma biri də var ki, həkim kimi efirə çıxıb artistlik, şoumenlik edirsən. Bu isə artıq yolverilməzdir”, - deyən Rəşad Sultan sözügedən reklamın həkimlik etikasına sığmadığını diqqətə çatdırıb.
Səkinə Yusibli, Bizim.Media