“Səhiyyəmiz insanları öldürür, bu qədər ölümü necə qarşılayacağıq”- MÜSAHİBƏ

Hazırda oxunan: “Səhiyyəmiz insanları öldürür, bu qədər ölümü necə qarşılayacağıq”- MÜSAHİBƏ

6782

Hacıqabulda bir korona xəstəsinə 19 adda dərman yazıblar, Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasında ağır xəstələr üçün portativ rentgen aparatı yoxdur. Azərbaycan səhiyyəsi bərbad idarəetmə və səriştəsizliyi ilə ölkənin epidemioloji durumunu daha kritik həddə çatdırıb.

Ölkə başçısının tapşırığı ilə xəstəxanalar tikilir və ən müasir avadanlıqlarla təchiz olunur, amma təşkilatçılıq bərbaddır... Xəstəxanalarda çarpayı, apteklərdə dərman, polinklinikalarda test çubuqlarının çatışmazlığı, peşəkar həkim sarıdan çətinlik və təcili yardımın işləməməsi bu sahənin fundamental islahata ehtiyacı olduğundan xəbər verir. 

Tanınmış həkim-radioloq Aydın Əliyev Bizim.Media-ya müsahibəsində belə deyib.

Aydın Əliyevin sözlərinə görə, səhiyyə sahəsi indi ən sərfəli biznes sektoruna çevrilib, bu isə nəsillərin məhvinə aparıb çıxaracaq: 

- Götürün pandemiyanı, rəsmi statistikaya görə yoluxma sayında azalma müşahidə edilir. Amma tək rəsmi statistikaya güvənmək yanlışdır. Test analizi verib pozitiv nəticə ilə qarşılaşan insanlar küçəyə çıxanda cinayət işi açılır. Elə insanlar var ki, yoluxublar, amma test analizi vermirlər, çünki testlər baha aparılır. İlk növbədə bu məsələyə baxılmalıdır. Real xəstə sayı rəsmi statistikadan qat-qat çoxdur.

Bu gün də xəstəxanaya yerləşdirilmə ilə bağlı bizə çoxsaylı müraciətlər olunur. Yoluxma sayında azalma olsaydı, yəqin ki, xəstəxana problemi yaşanmazdı. Ölüm sayına gəlincə, burada əsl vəziyyət başqadır. Bu gün göstərilən ölüm sayını eyni günün yoluxmuşları ilə müqayisə etmək düzgün deyil. Ölümlər günlər, həftələr öncə yoluxmuş və ağırlaşmış insanların göstəriciləridir. 

- Belə çıxır ki, siz COVID-19-a qarşı mübarizəni doğru aparılmadığı fikrindəsiniz? 

- Nə günahkar axtarıram, nə kimləsə qəsdi-qərəzliyim, nə də kimisə pisləmək fikrim var. Məqsəd xalqa, millətə bir həkim kimi xidmətimizi göstərməkdir. Bilirsiz ki, apteklərdə dərmanlar tapılmır. Bəzən çox adi dərmanlar həddindən artıq baha qiymətə satılır. Məsələn Vit C, Vit D, Aspirin “od” qiymətinədir.

Halbuki əvvəllər bu pereparatlar qəpik-quruşa idi. Xüsusən COVID-lə mübarizədə istifadə olunan dərman preparatları apteklərdən yığışdırılıb. Tapılanda ya əldən, ya da “qara bazar”dan çox baha qiymətə almaq mümkündür. Xəstəsi olan neynəməlidir? Baha da olsa almağa məcburdur. Bu məqamda insan harasa şikayət edə bilmir. Məsələlərə obyektiv yanaşmalıyıq. 

Bəzən rəsmi qurumlar bəyan edirlər ki, qaynar xəttə zəng edin şikayətlərinizi bildirin. Qaynar xəttə isə saatlarla, günlərlə düşmək olmur. Düşəndə də şablon cavablar... İnsanlar doğru-dürüst dərdini çatdıra bilmir. Çox çatışmazlıqlar var. Çıxıb efirdən bəyan edirlər ki, nə qədər xəstəxanalar, modul tibb müəssisələri fəaliyyət göstərir.  

Amma o xəstəxanalarda nə qədər keyfiyyətsiz xidmət olduğundan danışılmır. Yaxın həkim dostum var idi, ağçiyərində 15 faiz buzlu şüşə aşkarlanmışdı və yanaşı xəstəliyi yox idi. Ona xəstəxanaya getməməsini tövsiyə etsəm də, məni dinləmədi və elə xəstəxanada da ağırlaşıb dünyasını dəyişdi. 

Evdə müalicə olunan xəstələr çox hallarda lazım olan dərmanları tapa bilmir. 36 ədəd Faviravir preparatı əldə 144 manata satılır. Tutaq ki, xəstə 190 manat yardım alır. Həmin məbləğin 144 manatını bu peeparata, 15 manatını Vit C-yə və əlavə digər dərmanlar aldı. Bəs, bu şəxs nə ilə dolansın? Bu bizim ölkənin vətəndaşıdır, onun övladı sabahın əsgəridir. Belə münasibətmi olar? Apteklərdə dərman çatışmazlığı, yeni xəstəxanaların işə cəlb olunması, aparılan müalicənin keyfiyyətsizliyi, naşı həkimlərin təyin etdiyi reseptlərdən ağırlaşmalar, bütün bunlar ciddi problemlərdir. 

- Testin cavabı 3 gün, nəticəsi pozitiv çıxan xəstələrə dərmanların verilməsi isə 7 gün çəkir. Toplam 10 gün... Bu müddət ərzində xəstəni, kontakta olduğu insanları hansı təhlükə gözləyir?

- Çox aktual məsələyə toxundunuz... 10 gün ərzində xəstə ağırlaşa və həyatını itirə bilər. Test analizlərinin cavabının tez olması çox vacibdir. Gec olduqca xəstənin vəziyyəti ağırlaşır və başqalarını yoluxdurmaq təhlükəsi artır. Deyirlər ki, yalnız şikayəti olanlardan test götürülür. Evdə 5 nəfər var. Birində əlamətlər tez başlayıb, digərindən test götürülmür, bu yanlışdır.

Əgər biz bu xəstəliyi məhdudlaşdırmaq istəyiriksə, xəstə ilə kontaktda olan bütün insanlardan test götürmək lazımdır. Gün ərzində təqribən 15 min civarında test müayinəsi aparılır, çox azdır. Məncə, bunu artırmaq olar. Sərt karantinə 100 milyon manat pul xərclənir... Bu məbləğə test sayını artırmaq, yeni xəstəxanaları cəlb etmək və aptekləri dərmanla təmin etmək olar. Adam virusa yoluxubsa, çölə çıxa bilmir.

Demək ki, onun dərmanı və ərzağı təmin olunmalıdır. Bəlkə ailə üzvüləri hamısı yoluxub, heç biri çıxa bilmirsə, neyləsinlər? Qalsınlar və evdə ölsünlər? Belə məntiqsiz məsələlərə təcili baxılmalıdır. Başqa bir problemlər də var. İndi bu dərmanlar hər kəsə deyil, yalnız ehtiyacı olanlara verilir. Həmçinin, COVID-lə bağlı verilən preperatların içərisində virus əleyhinə dərman yoxdur. Bir-iki vitamin və mineralla iş düzəlmir. Bəzən xəstələr oksigen balonu və saturasiyanı götürmək üçün cihaz almağa məcbur olur. Ləngimələr çox ciddi problemlər yaradır. İşimiz düzgün təşkil olunsaydı bu qədər insanı itirmiş olmazdıq və ölüm sayı daha az olardı. 

- Belə çıxır ki, ölüm sayının artmasında həkimlərimiz günahkardır?

- Bilirsiz ki, yüzlərlə tibb personalı pandemiya dövründə koronavirusdan dünyasını dəyişib. Nə qədər fədakar həkimlərimiz var. Əlbəttə, koronaviruslu xəstələrə yazılan müalicələrdə səhv edən həkimlər də var. Xəstə həkimə müraciət edir və həkim də bildiyi müalicəni yazır. Amma iş mərkəzləşmiş qaydada təşkil olunmalıdır.

Biz təklif verdik ki, heç olmasa COVID-19-un müalicə protokolu elan olunsun, bilməyən həkimlər istifadə etsin və insanlar da az da olsa maariflənsin. Bu gün fərqli reseptlərdən istifadə olunur. Hacıqabuldan bir xəstəyə 19 adda dərman təyin edilmişdi. Belə məqamlardan da ağırlaşanlar var. Çox biabırçı vəziyyətdir.  

Təsəvvür edin ki, Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasında ağır xəstələr üçün portativ rentgen aparatı yoxdur. Qonşu rayonlardan da tapa bilmirlər. Hansı əsrdə və dövrdə yaşayırıq? Bu günkü tibb, səhiyyə sahəsinə ölkədə rəhbərlik edən məmurların fəaliyyəti qənabəxş deyil. Necə deyərlər bir günlə bahar olmaz...

- Azərbaycan ən çox karantin tətbiq edən ölkədir. Mütəxəssislərin fikrincə isə sərt karantin tətbiq edilməyən ölkələrdə vəziyyət daha yaxşıdır...

- Belarusu, Türkmənistanı və Şimali Koreyanı misal gətirirlər. Məncə, onların statistikasına güvənmək düzgün deyil. Mən o ölkələrin statistikasına güvənmirəm. Hansı ki, heç bir karantin tətbiq etməyiblər və orada yoluxma sayı azdır. Amma ABŞ-da Azərbaycandakı kimi sərt karantin tətbiq edilməsə də, gün ərzində 250 min yeni yoluxma sayı olur, günə minlərlə insan dünyasını dəyişir. Axı Azərbaycan buna hazır deyil.

Biz bu qədər yoluxma və ölümü necə qarşılayacağıq? Bu da var... Təbii ki, sərt karantinin əleyhinəm. Amma bizim bugünkü şəraitimizdə başqa yol yoxdur. Başqa yol o zaman olar ki, bütün apteklər təcili yetəri qədər dərmanla təchiz olunsun, çarpayı sayı artırılsın və yeni xəstəxanalar prosesə cəlb olunsun.

- Bir yandan koronavirusun təşvişi, indi də virusun mutasiyaya uğramış başqa bir növü ilə qarşılaşmışıq. Nəticədə hər iki durum insanların psixoloji durumuna təsir edərək, immuniteti aşağı salır... Tövsiyəniz?

- Koronavirusla bağlı cəmi 1 illik təcrübəmiz var. Müşahidələrimiz və təcrübələrimizə əsaslanaraq deyə bilərəm ki, məncə bu mutasiya qorxulu olmayacaq. Çünki bəzi peyvəndlər həm də mutasiyalara qarşı keçərlidir. Bundan təşvişə düşmək lazım deyil. Peyvəndlər tətbiq olunandan sonra durumun öhdəsindən gəlinəcək.

- Azərbaycan yaxın günlərdə koronavirusa qarşı peyvəndləmə prosesinə start verəcək. Pandemiya peyvəndlə sona yetəcəkmi? 

- Düşünürəm ki, bəli. Peyvəndlənmə çox önəmlidir. Arzu edirəm ki, ölkəmizə peyvənd tez gəlsin. Hamımız peyvəndlənək. İlk peyvənd olunmaq istəyənlərdən biri də mənəm. Bundan heç də qorxmaq lazım deyil. Baxıram, sosial şəbəkələrdə müxtəlif insanlar fərqli fikirlər səsləndirirlər ki, peyvənd effektli və problemin həlli deyil. Bunlar hamısı yanlış fikirlərdir. İnsanları belə çaşdırmaq olmaz. Bu söylənilənlər xalqımıza və dövlətimizə xeyir verməyən fikirlərdir. İndiyədək özümüz və övladlarımız müxtəlif peyvəndləri etmişik, fəsad da olmayıb. Peyvəndə güvənmək və etmək lazımdır. Peyvəndsiz pandemiyanın sonuna çıxmaq mümkün olmayacaq. 

- Axı bu günə qədər istehsal olunan heç bir peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı təsdiqləməyib. Biz necə güvənək? 

- Ümumdünya Səhiyyə Təşkilatı çox güman ki, peyvəndləri yaxın günlərdə rəsmi təsdiq edəcək. Yəqin ki, o işlər tamamlanmayıb. Peyvənd konkret olaraq SARS-COV2 virusuna qarşı hazırlanıb. Koronavirus xəstəliyini də yaradan budur. Müəyyən bir mutasiyalar ola bilər. Bəziləri də artıq təsdiqlənib. Amma əminəm ki, peyvənd onların da öhdəsindən gələcək.

- Kollektiv immunitetlə bağlı nə düşünürsünüz, yaranıbmı?

- Kollektiv immunitet hazırda yoxdur. Amma peyvəndi tez gətirib tətbiq etsək, önümüzdəki 2 ay ərzində durumu üstələyə bilərik. 

- Mütəxəssislərin fikrincə, kollektiv immunitetin formalaşması üçün əhalinin ən azı 60 faizi yoluxmalıdır. Azərbaycanda neçə faiz insan koronavirusa yoluxub?

- Rəsmi statistikaya görə cəmi yoluxma 200 min civarındadır. Bu da əhalinin 2 faizini təşkil edir. Qeyri-rəsmi rəqəmlər daha çoxdur. Amma bu da hələki kollektiv immunitetin formalaşması deyil. Kollektiv immunitetin formalaşması peyvəndləmədən sonra olacaq. Çünki peyvənd immunitet yaradır. 

- Azərbaycanda epidemioloji durum nə vaxt sabitləşəcək? 

- Proqnoz vermək bir qədər qeyri-obyektiv məsələdir. Amma müşahidələrimlə pozitiv düşünürəm. Hesab edirəm Novruz bayramına qədər karantinlər həddindən artıq yumşalacaq və dediyimiz məsələləri yoluna qoysaq, öhdəsindən gələ bilərik. 

Alçina Amilqızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin