24 mart Ümumdünya Vərəmlə Mübarizə günüdür.
Qusar rayon Mərkəzi Xəstəxanasında olduq və qusarlıların bu xəstəliklə bağlı statistikasına nəzər saldıq. Mərkəzi Xəstəxananın Vərəm şöbəsinin müdiri Saruxan Badamov məlumat verdi ki, aparılan profilaktik tədbirlər nəticəsində son illər Qusarda vərəmli xəstələrin sayında azalma müşahidə edilir:
"Əgər 5 il əvvəl ilkin müayinə zamanı Qusarda 80-83 vərəm xəstəsi müşahidə edilirdisə, keçən il bu rəqəm 13-ə düşüb. Bu ilin 3 ayında isə cəmi 3 vərəm xəstəsi müəyyən edilib ki, bu da yanvar ayına düşür, son iki ayda yeni xəstə aşkar edilməyib".
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda QİÇS-lə bağlı SON VƏZİYYƏT - "Analardan uşağa...”
Saruxan Badamov deyir ki, "şöbədə ağ ciyər xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi üçün hər cür şərait var, zəruri tibbi avadanlıq və dərman preparatları yetərincədir. Vərəmli xəstələr dövlət tərəfindən pulsuz dərmanla təmin edilirlər. Bu, sosial xəstəlik olan vərəmin səmərəli müalicəsinə öz müsbət təsirini göstərir".
Qusar rayon mərkəzi xəstəxanasının vərəm şöbəsinin müdiri Saruxan Badamov hazırda Qusarda qeydiyyatda 270 nəfər ağ ciyər xəstəsi olduğunu, şöbədə isə 8 xəstənin müalicə aldığını bildirdi.
Onun açıqlamasına görə, Quba rayon mərkəzi xəstəxanasında regional referens laboratoriyasının fəaliyyət göstərməsi bölgədə vərəm xəstələrinin müalicəsində və xəstəliyin ilkin müəyyən edilməsində müsbət rol oynayır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 1993-cü ildən hər il 24 mart Ümumdünya Vərəmlə Mübarizə günü kimi qeyd edilir.
Aytəkin Alxaslı, Bizim.Media