“Son günlər təcrübəmdən görürəm ki, “Sinovac” vaksinindən istifadə etmiş və yanaşı xroniki xəstəliyi olmuş şəxs buster dozu alıb. Amma elə bil ki, ona heç vaksin vurulmayıb. Ağırlaşıb və ciyərinin böyük bir hissəsi, 50 faizindən çoxu funksiyasını itirib. Bu vəziyyətlə bir neçə dəfə qarşılaşdığımız üçün “Sinovac”dan üçüncü dozun effektini almaq olmur”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında infeksionist Nicat Əzimli peyvəndin son günlər ölkədə tüğyan edən koronavirus və digər infeksiyalara təsiri məsələsinə münasibət bildirərkən deyib. Həkimin sözlərinə görə əslində heç bir peyvənd infeksiyanın qarşısını almır:
“Peyvəndlərin məqsədi yoluxma saylarını azaltmaq deyil, ağırlaşmaların və ölümün azaldılması, əhalinin tam immunizaçiyası nəticəsində xəstəliyə yoluxma hallarının təhlükəsiz hesab olunaraq pandemiya vəziyyətindən çıxışın elan olunmasıdır.
MÖVZU İLƏ BAĞLI:
Səhiyyə Nazirliyindən buster doza ilə bağlı əhaliyə MÜRACİƏT
Vaksinlərin heç biri insanları koronavirusa yoluxmaqdan qorumur. Amma “Omikron variantı” immunitetdən yayınma xüsusiyyəti daşıdığı üçün, bədəndəki anticismlər bu virusu çox da bloklaya bilmir və vaksinin iki dozu artıq kifayət etmir. Üçüncü, yəni buster doza mütləqdir. “Pfizer” üzrə buster doz almış şəxslərdə demək olar ki, ağırlaşmalar görülmür.
Təbii ki, onlarda da yoluxma halı və xəstəliyin müəyyən simptomları müşahidə edilir. Statistikaya görə “Pfizer” peyvəndi üzrə üçüncü doz qəbul etmiş 70 faiz insan “Omikron” ştammından sığortalanır. Son bir iki həftədə elə bir hal olmayıb ki, “Pfizer” vaksini üzrə buster doz qəbul etmiş insanlar arasında ağırlaşma və ya ölüm olsun”.
Alçina Amilqızı, Bizim.Media