Türkiyə tibb professorları Azərbaycanda – Yeni təlimlər START götürdü

Hazırda oxunan: Türkiyə tibb professorları Azərbaycanda – Yeni təlimlər START götürdü

57213

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə elmi tədqiqat institutlarının əməkdaşları üçün Qazi Universitetinin professorları tərəfindən “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərin keçirilməsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycandaki səfiri Cahid Bağcı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Türkiyə Respublikası Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan, TİKA-nın Bakı Proqram koordinatoru Fatih Yılmaz, agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in İdarə Heyəti sədrinin müşavirləri Elmir Bəşirov və Firəngiz Əliyeva, Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak edib.

Cahid Bağcı Türkiyənin elmi tədqiqat və tətbiqi üsulları sahəsində təcrübəsinin Azərbaycanda paylaşılmasının vacib və dəyərli olduğunu bildirib.

Layihəyə dəstək verən TİKA-nın gündən-günə inkişaf etdiyini və ehtiyaclar üçün yeni həll yollarının tapılmasına töhfə verdiyini ifadə edən səfir “TİKA-nın mövcudluğu ölkəmiz üçün qürur mənbəyidir. Türkiyə təkcə dövlət qurumları və özəl sektorların təcrübəsi ilə deyil, həm də akademik bilikləri ilə qardaşlarının yanındadır. İnsan kapitalına sərmayə qoymaq dəyərlidir.

Dəyişən qlobal şərtlər ixtisaslı işçi qüvvəsini yalnız proqram təminatında deyil, həm də səhiyyə, kənd təsərrüfatı, ətraf mühit daxil olmaqla hər sahədə zəruri edir. Qazi Universitetimiz burada öz təcrübələrini paylaşaraq səhiyyə sahəsində mütəxəssislərimizin inkişafına töhfə verəcək”, - deyə bildirib. 
 

Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan Türkiyə və Azərbaycanın cəbhədəki birliyini elm sahəsində də reallaşdırmaq arzusunda olduğunu bildirib.


Tərəqqinin dil və elmin birlikdə istifadəsi, türk dili və türk elminin dünyada daha hakim olması ilə mümkün olacağını vurğulayan professor “Türk dünyasında elm adamlarının potensialının çox yüksək olduğuna inanıram. Biz təcrübəmizi sizinlə bölüşməkdən çox məmnun olarıq.

Azərbaycana dəstəyimizə peyvənd təlimi ilə başladıq. Biz burada potensialın, işləmək və özünü inkişaf etdirmək əzminin şahidi olduq. Bu potensialı artırmaq və qoruyub saxlamaq üçün belə bir işə başlamışıq”, - deyib.

TİKA-nın Bakı Proqram koordinatoru 30 ilə yaxındır fəaliyyət göstərdikləri Azərbaycanda bu günə qədər insan həyatıyla bağlı hər bir sahədə layihə və fəaliyyətlər həyata keçirdiklərini bildirib. 

O, qeyd edib ki, səhiyyə infrastrukturunun gücləndirilməsinə, səhiyyə işçilərinin peşə bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihə və tədbirlər TİKA-nın fəaliyyətlərində mühüm yer tutur:
 

“Əminik ki, bu kontekstdə iki qardaş ölkə arasında əlaqələr və əməkdaşlıq digər sahələrdə olduğu kimi səhiyyə və tibb sahəsində də inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcək”.


Daha sonra isə institutlarda çalışan mütəxəssislər üçün təlimlərin keçirilməsinə başlanılıb. Ümumilikdə 25 tədqiqatçının iştirak etdiyi təlim iki gün davam edəcək və sonda iştirakçılara təlim kursunu başa vurmalarına dair sertifikat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin