Azərbaycanda COVİD-19 əleyhinə vaksinasiyanın başlanmasından 1 il ötür

Hazırda oxunan: Azərbaycanda COVİD-19 əleyhinə vaksinasiyanın başlanmasından 1 il ötür

55892

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyanın başlanmasından 1 il ötür.

Bizim.Media xəbər verir ki, 2019-cu ilin noyabrında ilk dəfə Çində aşkarlanan "Sars COV-2” virusu sürətlə bütün dünya ölkələrinə yayılıb. Azərbaycanda isə COVID-19-a ilk yoluxma halı 2020-ci ilin fevralın 26-da qeydə alınıb.

Azərbaycan dünyada vaksinasiya prosesinə ilk qoşulan ölkələrdəndir. Azərbaycan hökuməti ilə Çin Xalq Respublikası arasındakı müqaviləyə əsasən, ölkəyə 4 milyon doza “Coronavac” vaksininin gətirilməsi nəzərdə tutuldu. Beləliklə, Azərbaycanda 2021-ci ilin yanvarın 18-də “Coronavac”ın tətbiqinə başlanıldı.

Ötən ilin may ayından “Vaxzevria” (“Astrazeneca”), “Sputnik V”, iyun ayından isə “Pfizer” vaksinlərinin tətbiqinə icazə verildi.

Vaksinasiya prosesini sürətləndirmək, həmçinin növbəlilik prinsipini qorumaq üçün poliklinika, xəstəxanalarda xüsusi peyvənd məntəqələri, həmçinin //randevu.its.gov.az/ onlayn növbə sistemi yaradıldı. Vətəndaşlar sayta daxil olaraq istədikləri məntəqədə tarixi və saatı seçərək peyvənd oluna bilərlər.

Hazırda ölkədə 4 vaksinin seçiminə icazə verilir. Həmçinin Azərbaycanda Türkiyə istehsalı olan inaktiv “Turkovac” vaksininin 3-cü faza klinik sınaqları da həyata keçiriləcək.

Azərbaycan vaksinasiya prosesinə mərhələli şəkildə başlayıb. Birinci mərhələdə səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət, ikinci mərhələdə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı, ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsinin, bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər vaksinasiyaya cəlb olunub.

Daha sonra xəstəliyin geniş yayılması ilə əlaqədar 18 yaşdan yuxarı, xüsusən risk qrupunda olan hər kəsin koronavirus əleyhinə peyvənd olunması tövsiyə edilib.

Pandemiyanın davam etməsi, peyvəndin yaratdığı immun cavabın 6 ay sonra zəifləməyə başlaması nəzərə alınaraq digər ölkələrdə olduğu kimi, Azərbaycanda da avqustdan etibarən COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (buster doza ) ilə peyvəndlənmələri tövsiyə olunub.
 

2021-ci ilin oktyabr ayından cari epidemioloji vəziyyət nəzərə alınaraq Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulması tövsiyə edilib. 


Həmçinin oktyabr ayından Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT “Pfizer” vaksini ilə peyvənd olunmağı tövsiyə edib. 

2021-ci ildə ölkəyə 16 937 790 doza vaksin dərman vasitəsi gətirilib. Bunlardan 2 114 190 doza "Pfizer/Biontech" peyvəndi, 453 600 doza “AztraZeneca”, 14 150 000 doza “CoronaVac”, 220 000 doza “Sputnik V” vaksini olub.

Təsdiq olunmuş müqaviləyə əsasən, 2022-ci ildə Azərbaycana 3 200 000 doza “CoronaVac”, 80 000 doza “Sputnik V”, ümumilikdə 3 280 000 doza vaksin gətirilməsi nəzərdə tutulub.

Son məlumata əsasən əhalinin 54 faizi vaksinasiyadan keçib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11872089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5200330, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4714478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1757281 nəfər təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin