Bir uşağın sağlam inkişafını təmin etmək üçün onu düzgün və balanslaşdırılmış şəkildə qidalandırmaq vacibdir. Bəzən bunu əsas götürərək valideynlər məcburi şəkildə azyaşlı uşaqlarını qidalandırmağa çalışırlar. Uşağın yeməyi rədd etməməsi üçün edilən davranışlar həm valideynin özünə, həm də uşağa çətinliklər yaradır.
Həkim-pediatr Günay Rəsulova Bizim.Media-ya açıqlamasında uşaqlara məcburi yemək verilməsini tənqid edərək, bu addımın yol açacağı problemlərdən danışıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Pediatrdan AÇIQLAMA
“Uşaqların məcburi qidalandırılması onlara edilən psixoloji şiddətin bir növüdür. Qəti şəkildə uşaqları məcbur qidalandırmaq olmaz. Əksinə olaraq, bu uşaqlarda yeməyə qarşı ikrah yarada bilər. Həmçinin məcburi qidalanma uşaqlarda reflüks xəstəliyinə gətirib çıxarır. Bu xəstəlik qidanın mədədən qida borusuna qayıtma problemidir”.
Həkim həmçinin valideynlərin “uşaq ac qaldı” qorxusu ilə atdıqları yalnış addımları da diqqətə çatdırıb:
“Valideynlərdə uşaq ac qalar qorxusu var. Ona görə də uşaq yeməkdən imtina edən kimi, peçenye, müxtəlif şirniyyat və digər zərərli qidalarla qarnını doyurmağa çalışırlar. Lakin bu səhv addımdır. Bununla uşağın yenidən qidadan imtina etməsinə səbəb olurlar”.
Pediatr Günay Rəsulova valideynlər üçün qidadan imtina edən körpələri razı salmağın yollarını da göstərib:
“Uşağa sevmədiyi yeməkləri yedizdirmək böyük zəhmət tələb edir. Bütün sınaqlar boşa çıxsa da, onları uşağa sevdirməyin, ən azından yedirməyin bir neçə yolları var. Ya eyni ərzağı müxtəlif reseptlərdə, ya da onu əvəz edən başqa bir şey təqdim etməlisiniz. Proteinlə zəngin olan ət qrupu uşaqların böyüməsinə böyük təsir göstərir.
Protein çatışmazlığı nəticəsində uşaqların çəkisində azalma, boyun qısa qalması, immunitet zəifliyi və zəkada gerilik meydana gəlir. Qırmızı ət sevmirsə, daha yağsız, proteinlə zəngin olan toyuq və balıq ətindən faydalanın.
Tərəvəzi heç bir halda xoşlamırsa, meyvə ilə əvəz etməyə çalışın. C ilə zəngin olan cəfəri və bibər yemirsə, bunu kivi ilə əvəz edin. A vitamini deposu ilə zəngin olan qaysı yedirin. Həmçinin uşağa aid qab-qacaqlar da maraqlı olmalı, onu yemək üçün həvəsləndirməlidir”.
Səkinə Yusibli, Bizim.Media