Azərbaycan istehsalı olan spirtli içkilərə istehlakçıların inamının yüksək olduğunu söyləyə bilmərik. Bu səbəbdən də, ölkəmizdə xaricdə, xüsusilə də, Rusiya, Ukrayna və Belarus istehsalı olan markalar ilk seçim halına gəlir.
Ələxsus da, araq seçimi müzakirə mövzusu olduqda, yerli istehsal olan məhsullar geri çevrilir.
Doğrudur, araq istehsal edən firmalar yeni texnologiyalardan istifadə etmələri ilə bağlı məlumatlar yayırlar. Lakin yerli araqların keyfiyyətinin hələ də istənilən səviyyədə olmadığı istehlakçılar üçün aksiomadır.
Digər önəmli nüans isə, kustar üsullarla hazırlanmış saxta içkilərin piştaxtalarda mövcudluğudur.
MÖVZU İLƏ BAĞLI:
Arağın orqanizmə 10 faydası var imiş - 18+
Bəs, təmiz arağı, keyfiyyətsizdən necə fərqləndirə bilərik?
Bu sualı Bizim.Media üçün cavablandıran qida üzrə baş mütəxəssis Ağa Salamov arağın keyfiyyətinin necə anlaşıla biləcəyi ilə bağlı detallı məlumat verib:
“Təmiz araqlar nisbətən qatı olmalı, qəbul zamanı ağızda qaymaq kimi dad hiss olunmalıdır. Kustar üsulla hazırlanmış araqlarda isə kəskin acılıq hiss olunur. Fikir vermisinizsə, içən zaman insanların üzü turşuyur, özlərini pis hiss edir və həmin andaca boğazdakı yanğını azaltmaq üçün qəlyanaltı axtarırlar.
Bu keyfiyyətin aşağı olmasından xəbər verir. Ona görə də, istehlakçılar bilməlidirlər ki, ucuz araqların keyfiyyəti də aşağı olur. Bunun üçün bəlli firmaların qida güvənliyi sertifikatı ilə təmin olunmuş məhsullara üstünlük verilməlidir”.
Ekspert, keyfiyyətli araqların buzxanaya qoyulmadan qəbul oluna biləcəyini də qeyd edib:
“Digər bir nüans isə, araqların çox zaman buzxanaya qoyulması ilə bağlıdır. Bunun əsas səbəbi, aşağı tempraturda arağın nisbətən qatılaşması və acılığını aparmasıdır. Lakin təmiz araqları sərin halda içmək yetərlidir.
“Samaqon”lar...
Ağa Salamov “samaqon”larla bağlı da fikirlərini bölüşüb:
“Meyvələrdən hazırlanan “samaqon” kimi tanınan araqlarla bağlı da təhlükələr mövcuddur. Bir sıra hallarda tibbi məqsədlər üçün həkimlər tərəfindən “samaqon” qəbulu məslhət görülür. Bu cür araqlar bir çox hallarda kustar üsullarla ev şəraitində hazırlanır. Lakin istənilən halda araqların ttexnoloqların nəzarəti altında hazırlanması vacibdir”.
Müsahibimiz Azərbaycanda istehsal olunan araqların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə dekabrın 14-də qəbul olunan AZS 904-2021 “Araq və xüsusi araqlar. Ümumi texniki şərtlər.” adlı standartla bağlı da fikirlərini bölüşüb.
“Azərbaycanda bu cür yoxlamalarla bağlı çox standartlar qəbul olunub. Lakin bunların praktikada heç bir fəaliyyəti yoxdur. Yəni mən buna inamıram. Çünki AQTA-nın tərkibində də ictimai şura yaradıldı. Lakin dünən dönərxanada baş verən kütləvi zəhərlənmə vəziyyəti acı şəkildə nümayiş etdirdi.
Doğrudur, bu cür şuralar bütün ölkəyə nəzarət etməyin mümkün olmayacağını bəhanə gətirirlər. Lakin mütəmadi monitorinqlərin aparılması üçün inspektorlar ayrılmalıdır.
Necə olur ki, xeyli sayda işçisi olan bir qurum bir şəhərə nəzarət edə bilmir. Yəni dildə bu cür standartlar yaradıla bilər, lakin əməldə....
Bu səbəbdən də yeni standartların araqların keyfiyyəti ilə bağlı hər hansı müsbət dəyişikliklərə gətirib çıxaracağı inandırıcı görünmür”.
Qeyd edək ki, dekabrın 14-də Azərbaycanda istehsal olunan araqların keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yeni standart qəbul olunub.
Murad Əhmədov, Bizim.Media