COVID-19 peyvəndinin hamilələrə mənfi təsiri ola bilər? – Ginekoloqdan suallara CAVAB 

Hazırda oxunan: COVID-19 peyvəndinin hamilələrə mənfi təsiri ola bilər? – Ginekoloqdan suallara CAVAB 

43288

Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları nazirliyin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev cavablandırıb. 

Bizim.Media sözügedən müsahibəni təqdim edir: 

COVID-19 hamilə qadınlara necə təsir edir? 

- Hamiləlik fizioloji olaraq immun sistemin zəiflədiyi dövrdür. Bu səbəbdən hər hansı bir bakteriya və ya virus xəstəliyini hamilələr daha ağır keçirirlər. Eyni zamanda COVID-19-da istisna deyil. Hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVID-19-a yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar COVID-19-un hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu ortaya qoyur. Hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəlikləri olan qadınlarda risk daha da artır. 

18 ölkədən 2130 qadının iştirak etdiyi araşdırmada COVID-19 olan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib. 

COVID-19-a yoluxmuş andan körpəyə virus ana südü ilə keçə bilərmi? 

- Aparılan araşdırmalar göstərir ki, ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsi keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibb maskadan istifadə etməyi və gigiyena qaydalarına əməl etmək tövsiyə edirik. 

Hamilə qadınların hamiləliyin 12 həftəsindən sonra peyvənd olunmasınn məsləhət görülməsi necə izah olunur? 

- 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır. 

COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi? 

- Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin