COVİD xəstəsi bir neçə saata 3-5 nəfəri yoluxdura bilər - EKSPERT

Hazırda oxunan: COVİD xəstəsi bir neçə saata 3-5 nəfəri yoluxdura bilər - EKSPERT

2975

“Gizli düşmən” aramızdadır, bu qədər məsuliyyətsiz davranmaq olmaz. Koronavirusa yoluxan şəxs bir neçə saatda 3-5 nəfəri yoluxdura bilər. 

Bunu Bizim.Media-ya müsahibəsində professor, pulmonoloq Əlizamin Sadıqov deyib.

Həkim bildirib ki, ilk baxışdan COVID-19-la digər respirator virus infeksiyalarının simptomlarında elə də fərq nəzərə çarpmır.

Bu da insanları aldada və ağır fəsadlara gətirib çıxara bilər. O bildirib ki, simptomlarda yeganə fərq yalnız qoxu və dadbilmə qabiliyyətinin itirilməsidir. 

Fəsadlarına görə isə COVID-19 - un digər qriplərdən daha təhlükəli olduğunu qeyd edən professor bildirir ki, xəstəliyin yoluxuculuq qabiliyyəti qripdən sürətlidir: 

“Bir qrip xəstəsi xəstəxanaya yerləşdirilənə qədər yalnız bir insanı yoluxdura bilirsə, COVID-19-a yoluxmuş pasiyent xəstəxanaya çatana və ya izolyasiya olunana qədər orta statistik göstəricilərə əsasən ən azı 3-5, hətta daha çox insanı yoluxdura bilər”.

Yoluxdurma müddətinin fərqli olduğunu bildirən ekspert qeyd edir ki, simptomatik xəstələrin digərlərini yoluxdurma qabiliyyəti maksimal 14 gündür.

Ancaq elə yaşlı insanlar var ki, xəstəlikdən sağalsa da bir ay yoluxdurucu ola bilər.

Çünki immun sistemi zəif olduğundan virusun eliminasiyası, yəni orqanizmdən xaric olması uzun çəkə bilər. Simptomsuz keçirən insanların isə 10 gün yoluxdurma qabiliyyəti var.

Ekspert qeyd edir ki, öldürücülük qabiliyyətinə görə də koronavirus digər qrip növlərindən kəskin fərqlənir:

“Dünyada COVID-19-a yoluxan hər 100 nəfərdən 3-ü ölür. Amma qripdə bu göstərici 0,1 faizdir.

Yəni hər qrip tutan 1000 xəstədən biri ağırlaşma nəticəsində dünyasını dəyişir. COVID-19 xəstələri üçün ən şiddətli və qorxulu dövr xəstəliyin 7-14-cü günləri arasındadır”. 

Əlizamin Sadıqovun fikrincə, COVID-19 insanların ən zəif yerlərindən vurur.

Yoluxanların 20 faizində ürək, 15 faizində böyrək ağırlaşmaları, yüksək göstərici ilə ağciyər zədələnmələri və digər xəstəliklər əmələ gəlir ki, bu da adi qriplərdə çox az hallarda rast gəlinir.

Təranə Mirzəyeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin